Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.
Pravda.az xəbər verir ki, “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olan Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevaya və digər ölkələrin birinci xanımlarına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin folklor qruplarının ifaları təqdim edilib.
Nadir “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi “Böyük İpək Yolu” beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini əks etdirən bu kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların özbək milli mədəniyyətinin rəngarəngliyini, xalq adət-ənənələrini özündə birləşdirən qalereyaları və emalatxanaları yerləşir.