Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Türkdilli xalqların birliyi təmin edilməkdədir”

639
Paylaş:
Deputat: “Türkdilli xalqların birliyi təmin edilməkdədir”

“Türk respublikaları arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmlənməsi nəinki həmin dövlətlərin, eləcə də digər xalqların və dövlətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki bu birlik, əməkdaşlıq başqa dövlətlərə qarşı hansısa bir blok yaratmaq, təsir və təcavüz etmək məqsədi daşımır, iqtisadi, mədəni, ticarət sahələrinin inkişafına, sülhün əminamanlığın təmin olunmasına xidmət edir. Türk Dövlətləri Təşkilatının yaradılması da ali məqsədlərə yönəldilib və bu məram, Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə toplantısında bir daha qeyd edildi. Məlumdur ki, Təşkilatın təkmil, mütəşəkklil,  işlək bir orqana çevrilməsində Azərbaycan olduqca maraqlıdır və bu Təşkilatın təməlinin qoyulmasında, ona 1 illik sədrlik edilməsi dövründə, eləcə də digər proseslərdə özünü aydın şəkildə göstərib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib, cənab Prezident cənab İlham Əliyevin IX Zirvə toplantısındakı çıxışı bilavasitə türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə və dünyanın hər bir guşəsində yaşayan türkdilli xalqların hüquqlarının qorunmasına istiqamətlənib:

“Çünki bu xalqların sayı 200 milyondan çoxdur. Onları eyni köklər, mədəniyyətlər və tarix birləşdirir. Onların birliyi, eyni mövqedən çıxış etmələri təhlükəsizliklərinin təmin edilməsi üçün vacibdir. Səmərqənddəki çıxışı zamanı Prezidentimiz bir daha xatırlatdı ki, Türk Dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən, kənarda yaşayan soydaşlarımızın hüquqlarının təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Dövlət rəhbəri bu fikirləri söyləyərkən bilavasitə Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının əksəriyyətinin hüquqlarının pozulmasını nəzərə çatdırır və bu insanların gələcək taleyi haqqında düşünməyin vacibliyini bildirir. Harada yaşamalarından asılı olmayaraq Azərbaycanı sevən, azərbaycançılıq uğrunda mübarizə aparan soydaşlarımızın hüquqlarının qorunması, birliyinin təmin edilməsi və dünya ölkələrində məskunlaşan türkdilli xalqların birgə platformasının yaradılması bu günümüzün reallığı, zamanın tələbidir. Başda Türkiyə və Azərbaycan olmaqla Türk Dövlətləri Təşkilatının timsalında artıq bu tələb həyata keçirilməkdədir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər