Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin görüşü olub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, baş nazirlərin əvvəlcə təkbətək formatda keçirilmiş görüşü daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Söhbət zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.
Görüşün yekunlarına əsasən bir sıra ikitərəfli sənədlərin imzalanması fəal və səmərəli işin məntiqi nəticəsi kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, bu sənədlər iqtisadi-ticari, nəqliyyat və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
İqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub.
İnvestisiya əməkdaşlığını daha da inkişaf etdirməyin vacibliyi vurğulanıb. Bununla əlaqədar iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılmasında, əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəal rolu xüsusi qeyd edilib.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu ilin əvvəlindən Azərbaycan ilə Rusiya arasında yükdaşımaların ümumi həcmi təqribən 22 faiz artıb.