Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:
“Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan Xalqının Lideri prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram. Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu yubiley bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm.