BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siz 35 milyon soydaşımızın hüquqlarını tapdadınız, məhv etdiniz!” - Vahid Əhmədov

“Əli Əkbər Vilayətidən başqa İran prezidentinin müşaviri də oxşar çıxışlar etdi. Habelə İranın xarici işlər naziri və Azərbaycandakı səfirinin çıxışı da var idi”.

 

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Millət vəkili İranın sabiq XİN rəhbəri, İran İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı məqaləsinə şərh verib.

 

Xatırladaq ki, Vilayəti müsahibəsində bəyan edib ki, İran İslam Respublikası həmişə qonşularının qayğısına qalıb və heç vaxt Azərbaycan Respublikasına təcavüz etmək və onun nəzarəti altına almaq niyyətində olmayıb. Hətta o, özünün belə azərbaycanlı olduğunu etiraf edib və bildirib ki, hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı isə iranlıdır.

 

Öz növbəsində, məsələyə münasibət bildirən V. Əhmədov qeyd edib ki, İranla Azərbaycan arasında problem Azərbaycan asılı deyil:

 

“Ümumiyyətlə, heç vaxt bizim aramızda belə ciddi problemlər olmayıb. Nə ediblərsə, əl altından onlar ediblər. 44 günlük müharibədə Ermənistana yardımçı oldular, silah-sursat, geyim verdilər. Hətta 13-14 sentyabr döyüşlərində belə məlumat getdi ki, onlara kömək ediblər. Həmçinin, Paşinyanla ardıcıl və isti münasibətləri var.

 

İkincisi də bizim orada soydaşlarımız var, bunu unutmaq lazım deyil. Siz 35 milyona yaxın soydaşımızın hüquqlarını tapdaladınız, məhv etdiniz. Onların öz dillərində bir məktəbi, səhiyyə ocağı, mədəniyyət mərkəzi, bir sözlə, heç nəyi yoxdur. Əgər onlar Azərbaycanla normal münasibət qurmaq istəyirsə, bunu həll etsinlər”.

 

V. Əhmədovun sözlərinə görə, İrandakı mitinqlər, tətillər, aksiyalar və s. bunların Azərbaycana heç bir dəxli yoxdur:

 

“Çünki Azərbaycan yenə də münasibətləri yüksək səviyyədə qoruyub, saxlayır. Bu yaxınlarda Prezidentin köməkçisi Hikmət Hacıyev də iranlı səfirlə görüşdü və dedi ki, biz münasibətləri yüksək səviyyədə saxlamağa maraqlıyıq. Onlar isə istəyirlər ki, daxili problemlərini xaricə çıxarsınlar. Gətirib, Xudafərin körpüsünün ətrafında panton körpü atdılar, havaya təyyarə, dron qaldırdılar və s. Axı bunlar kimə lazımdır? Özləri edirlər və özləri narahatdırlar ki, birdən bizim cənubdakı soydaşlarımız müstəqillik əldə edərlər və s.”

 

Deputatın fikrincə, İran hakimiyyəti cənubi azərbaycanlıların bütün problemlərini həll etməlidir: “Onlara baxmaq lazımdır, belə biganə münasibət olmaz. Əlbəttə, cənab Prezidentin qeyd etdiyi kimi, biz soydaşlarımızı müdafiə edirik və edəcəyik. Özü də türklər harada varsa, onlar bizim dostumuzdur və orada heç bir problem ola bilməz. Necə ola bilər ki, sən, müsəlman dövləti bizimlə dostluq etmək istəyirsən, amma gedib, arxada bütün işlərini Ermənistanla görürsən. Mümkün deyil axı? Əsas problemlər bunlardır.

 

Ona görə də onlar indi vəziyyətin gərgin olduğunu başa düşürlər, habelə insanlar orada tətillər, mitinqlər edirlər. Amma bizim soydaşlarımıza orada sərbəstlik verilməlidir, yuxarıda sadaladığım problemlər həll olunmalıdır. Yenə deyirəm, 35 milyon əhalidən söhbət gedir. Özü də onların problemi bizimlə deyil, onların problemi ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və s.dir. Gedib, orada axtarsınlar. Azərbaycandan nə istəyirlər?!”

 

Milli Məclisinin deputatı aydınlaşdırıb ki, İran Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmir:

 

“Amma Azərbaycanın dövlət başçısı artıq bu barədə öz fikrini bildirib, dövri mətbuatda müəyyən məsələlər müzakirə obyektinə çevrilib. Ona görə də burada problem onlarındır, bizə aidiyyəti yoxdur.

 

Amma onu da deyim ki, mən münasibətlərin bundan sonra düzələcəyinə inanmıram. Çünki onlar həmişə üzdə normal danışıb, şərait yaradırlar, amma arxada əleyhimizə olan işlərlə məşğuldurlar. Bizim İkinci Qarabağ savaşı, o cümlədən ondan sonrakı bu 2 ildə olan münasibətimiz həmişə yaxşı olub. Baxmayaraq ki, İran bizə qarşı bu cür naxələflik edib, amma bizim hökumət münasibətləri həmişə yüksək səviyyədə qurub. Qısası, mən onlara inanmıram”./Yenisabah.az

Tarix: 21 Noyabr 2022, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin