“Dövlət başçısının “Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox” ifadəsindən belə məlum olur ki, biz Qarabağa göndərilən hər hansı ünsürlərlə danışmaq fikrində deyilik. Onların Qarabağdakı fəaliyyətləri vəziyyəti normallaşdırmaq yox, gərginləşdirməkdən və Azərbaycana təhlükə yaratmaqdan ibarətdir. Haqlı olaraq Qarabağda yaşayan əhali ilə danışmağa hazırıq və bunu dəfələrlə bəyan etmişik. Dövlət başçısı da bunu təsdiq edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, artıq proses başlanıb: “Cənab Prezident də bildirdi ki, biz bunu edirik, bundan sonra da edəcəyik. Əslində, bu, normal, təbii prosesdir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onlar ərazilərimizdə yaşayırlarsa, başqa dövlətin vətəndaşı ola bilməzlər. Qarabağa göndərilən Vardanyan kimi ünsürlər heç bir fəaliyyətlə məşğul olmamalıdırlar. Onlar vəziyyəti bundan sonra da qızışdırmaq, qarışdırmaq istəyirlərsə, Azərbaycan tərəfindən adekvat cavab alacaqlar. Amma biz bunun tərəfdarı deyilik. Sülh naminə addımlarımızı atırıq. Bundan sonra da atmağa hazırıq”.
Aytəkin Qardaşova