“Yeni Azərbaycan Partiyasının bu gün keçirilən 30 illik yubiley mərasimini çox yüksək qiymətləndirirəm. Rəqib siyasi partiya olsa belə, bunu səmimi olaraq demək lazımdır. YAP-ın Azərbaycan dövləti, dövlətçiliyi qarşısında danılmaz xidmətləri var. Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın qurulması prosesini həyata keçirmiş bir siyasi partiyadır. Tarixi unutmaq olmaz. Tarix, gərək, olduğu kimi insanlara, cəmiyyətə, xalqa çatdırılsın. Qərəzdən dolayı tarixi təhrif etmək doğru deyil. YAP-ın yubiley tədbiri xoş niyyətli tədbir idi. Bu, iki ildən artıqdır, iqtidar-müxalifət arasında aparılan dialoqun əməli nəticəsi idi. Uzun illərdir, müxalif siyasi partiyalar dövlət, o cümlədən hakim partiyanın tədbirlərinə dəvət edilmirdi. Eyni ənənə müxalifətdə də mövcud idi. Müxalif siyasi partiyalar iqtidarın nümayəndələrini tədbirlərinə dəvət etmirdilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.