Milli Məclisin deputatı Vüqar İskəndərov Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, TÜRKPA xətti ilə prezident seçkilərini izləmək üçün bir neçə gün öncə Qazaxıstana gedib.
V.İskəndərov bildirib ki, Qazaxıstan senatının, parlament məclisinin sədri, xarici işlər nazirinin müavini, namizədlərlə görüş keçirilib: “İnsanlar narazılıq bildirmirdilər. Hər cür suallar verib, soruşmuşuq. Ayrılan şərait, dövlət tərəfindən ayrılan maliyyə, regionlarda görüşlər, tədbirlər keçirilməsi, televiziya efirləri - hamısı bərabər səviyyədədir. Məsələlərin hər biri ilə ayrı-ayrı maraqlanmışıq. Seçki günü saat 07:00-dan 20:00-a qədər məntəqələr açıq olub. Mənfi 14 dərəcə soyuq var idi. Düşünürdük ki, insanlar bəlkə, seçkiyə çətin gələcəklər. Amma dedilər ki, Astana üçün normal havadır, bu, onlar üçün isti sayılır, çünki daha sərt şaxtalar olur. Ona görə insanların seçkiyə gəlişi pis deyildi. Seçki bütün mənalarda çox yaxşı təşkil olunmuşdu, ciddi hazırlaşıblar. Seçkilərin demokratik keçirilməsi üçün lazımi addımların atıldığı görünürdü. Beynəlxalq standartlarda vacib olan tələblərin hər biri nəzərə alınmışdı. Bir neçə seçki məntəqəsində olduq. İnsan sayının az olduğu məntəqələr də var idi, lakin növbə olan məntəqələri də gördük. Müşahidəçi qruplar da kifayət qədər çox idi, rəngərang təşkilatlar, ölkələr, siyasilər, nümayəndələr… Qazaxıstan bu mənada hamıya şərait yaratmışdı. Bir məntəqədə seçki nəticələrinin bir-bir sayılmasının şahidi olduq”.
Deputat prezident seçkilərində şəffaflığın olmaması barədə iddialara da münasibət bildirib:“Şəxsən öz adıma və missiyanın adına danışa bilərəm ki, hansısa saxtakarlığın, digər qanunsuz halların baş verdiyinin şahidi olmamışıq. Bəyanatlar verdik, mətbuat konfransında da iştirak etdik. Hətta saxtakarlıq olsa da, bu, təbii bir şeydir, insanlarla bağlı məsələ ola bilər. Amma biz şəxsən belə şeyin şahidi olmadıq. Düşünürəm, deyilənlər kiminsə fikridir. Qazaxıstan imkanlarını səfərbər etdi, öz prezidentini seçir. İnsanların rəyi çox önəmlidir. Rəsmi adam kimi ilkin nəticələri bilirəm, amma dəqiq nəticələr deyiləcək. Onda prezidentin kim olduğunu biləcəyik. Əsas Qazaxıstan xalqı, dövləti udsun. Dost qazax xalqına, dövlətinə uğurlar arzu edirik”.
Aytəkin Qardaşova