Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.
Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, İtaliya xarici işlər nazirinin Bakıya səfəri zamanı təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyət daşıdığını bildirib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.