Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Bu gün bizim üçün əsas İlham Əliyevə qarşı mübarizə aparmaq deyil” – Elxan Şükürlü

962
Paylaş:
“Bu gün bizim üçün əsas İlham Əliyevə qarşı mübarizə aparmaq deyil” –       Elxan Şükürlü

“Yeni Azərbaycan Partiyasının 30 illik yubiley mərasiminə qatıldığımıza görə bizi tənqid edən partiyalar bizə ağıl öyrədə, yol göstərə bilməzlər. Çünki onların nə buna mənəvi haqları çatır, nə də siyasi təcrübləri imkan verir. Hər kəsin fəaliyyəti cəmiyyətin gözü qarşısındadır, cəmiyyət də qiymət verir. Hər siyasi partiyanın öz marağı, mənafeyi var və şübhəsiz ki, milli maraqlarla uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərməlidir. Heç bir partiya başqa partiyaya yol göstərməməlidir. İrada qalsa, bizim də həmin partiyaların tutduğu yolla bağlı çoxlu iradlarımız var. Onların tutduqları mövqeyi də, yolu da qəbul etmirik. Bu, o demək deyil ki, bizə ağıl öyrətməlidirlər, yaxud biz onlara. Onlar bildikləri yolla getsinlər, biz də öz bildiyimiz yolla gedirik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.

O bildirib ki, Ədalət Partiyası Vətən müharibəsi başlayan andan ilk bəyanat verib, “hakimiyyətlə düşmənə qarşı eyni səngərdə, cinahdayıq” deyən partiyalardan biridir: “Müharibə dönəmindən başlayaraq son iki il ərzində davamlı şəkildə bu bəyanatımıza, kursumuza sadiqik. Hazırda ölkəyə çox böyük xarici basqılar var. Belə bir ərəfədə içəridə “müxalif marağı” adı altında qarışdırıcı fəaliyyətlə məşğulluq doğru deyil, yanlışdır. Bu dəqiqə cəmiyyətimizin daha çox birliyə, həmrəyliyə ehtiyacı var. Prezident Administrasiyasında yaradılan yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin son iki ildə bizim də təqdir etdiyimiz fəaliyyətlərindən biri müxalifətə münasibətin dəyişməsidir. Administrasiyada əvvəlki adamlardan fərqli olaraq, bunlar artıq müxalifət partiyaları ilə görüşür, onların fikirlərini alır, dinləyirlər. Hamının arzusudur ki, cəmiyyətdə xüsusən milli məsələlərdə iqtidar-müxalifət həmrəyliyi olsun. Addım-addım da buna nail olunur. Dünənə qədər YAP-ın qurultaylarında bizi tənqid edirdilərsə, belə ali tədbirlərin hamısında müxalifətin ünvanına sərt fikirlər işlədilirdisə, artıq görürük ki, bu fikirlərdən də imtina olunur, bu meyillər aradan götürülür. Bunun nəyi pisdir? Sadəcə bir qrup var ki, onların məqsədləri qarışıqlıq, fitnəkarlıq salmaqdır. Onlar cəmiyyətimizdə birliyin, həmrəyliyin, iqtidarla müxalifət arasında siyasi barışın olmasını istəmirlər. Çünki onların əksəriyyəti xaricdən asılı siyasi təşkilatlardır - həm siyasi, həm də maliyyə asılılıqları var. Cəmiyyətdə birliyin əleyhinə olanların ən çox da onlardır. Belə addım atdıqda, əlbəttə, çalışacaqlar ki, tənqid etsinlər, gözdən salsınlar. Amma onların bu tənqidləri bizi yolumuzdan döndərə bilməz”.

E.Şükürlü deyib ki, indi Azərbaycan cəmiyyətinin daha çox ehtiyac duyduğu şey iqtidar-müxalifət münasibətlərinin normallaşması, cəmiyyətdə siyasi barışa nail olunmasıdır: “YAP-ın yubiley tədbirini də bu istiqamətdə çox mühüm addım hesab edirik. YAP buna dünən başlamayıb. İyun ayında Şuşa bəyannaməsinin ildönümü ilə bağlı Şuşada keçirilən beynəlxalq tədbirin də təşkilatçısı YAP idi. O tədbirə də, demək olar, bütün siyasi partiyalar dəvət olunmuşdu. Daha çox iki partiya gəlib iştirak etmir, onların da məqsədləri bəllidir. Çünki vaxtilə dəvət olunublar, amma dəvətdən imtina ediblər. İndi də üzləri yoxdur. Amma iştirak etməyi onlar da çox istəyirlər. Çünki pərdə arxasında xəbərimiz var ki, həmin partiyaların rəhbər heyətində təmsil olunanların əksəriyyəti dialoq prosesində yer almaq, iştirak etmək istəyir”.

E.Şükürlü YAP-ın yubiley tədbirinə yalnız hökumətin diqtəsi ilə işləyən müxalif siyasi partiya sədrlərinin qatıldığı barədə səslənən fikirlərə də münasibət bildirib: “Tənqidləri əsassızdır, heç biri ciddi məzmun daşımır. Dünənə qədər pərdə arxasında hakimiyyətlə separat sövdələşmələrdə iştirak edən, hakmiyyətin ən murdar, çirkli pulları yığan qanadı ilə əməkdaşlıq edənlər elə bizim ünvanımıza bu tənqidləri səsləndirən partiyalardır. Parlamentdə yer alan da onlar olublar. Danışıb, yer alıblar. İndi onlar hansı mənəvi haqla bu partiyalara yol göstərməyə çalışırlar? Getsinlər, əvvəl özlərinə baxsınlar, öz siyasi fəaliyyətlərini təftiş etsinlər, ondan sonra gəlib hansısa partiyaya yol göstərməyə çalışsınlar. Zamanla həyat özü göstərəcək ki, kim haqlı, kim haqsızdır. Təkcə son iki il ərzində - müharibə və müharibədən sonra baş verən proseslər Azərbaycan cəmiyyətinin gözü qarşısında olub. Onlar da baxıb görürlər ki, kim Azərbaycanın düşməninin, kim Azərbaycan dövlətinin yanındadır. Bu gün bizim üçün əsas İlham Əliyevə qarşı mübarizə aparmaq deyil. Daha çox Azərbaycan dövlətinə qarşı düşmənçilik edənlərin yanında yer almışlara qarşı mübarizədir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər