Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: 1998-ci il təvəllüdlü Cəfər Quliyev tanışı Fikrət Əliyevi (şərti) narkotik vasitə istifadə etməsinə dair video görüntüləri yaxınlarına ə qohumlarına göndərəcəyini, həmçinin internetə yerləşdirəcəyi ilə hədələyib. O, həmçinin bu yolla Fikrətin anası və həyat yoldaşını da hədələyib onlardan ümumilikdə 2 min manat pul alıb.
Daha sonra zərərçəkmiş şəxslər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ərizələri veriblər. Cəfər Quliyev polis əməkdaşları tərəfindən 09 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 2 ünvanının qarşısında saxlanılaraq həmin bölməyə dəvət edilib. Keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibindən “Rothman” markalı siqaret qutusunun içərisində çəkisi 0,645 qram metamfetamin aşkar edilərək götürülüb.