İran həbsxanalarında etirazlarda iştirak etdikləri üçün saxlanılan qadınlara təcavüz edilib.
Pravda.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılardan biri polisdə zorakılığın şahidi və qurbanı olub.
İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində azı 378 etirazçı həlak olub, xeyli insan yaralanıb, 15 minə yaxın şəxs saxlanılıb. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində kobud rəftara məruz qalırlar. CNN-nin jurnalistləri polis tərəfindən saxlanılan aksiya iştirakçılarından olan 20 yaşlı qızla danışıb. O, polis bölmələrindəki cinsi zorakılıqdan bəhs edib.

Kürd əsilli Xana (təhlükəsizlik məqsədilə adı dəyişdirilib-red) qadın saxlanıldıqdan sonra Urmiya şəhərindəki polis bölməsinə aparılıb. O, təcridxanada keçirdiyi bir gün ərzində cinsi zorakılığın şahidi və qurbanı olduğunu qeyd edib.
Xananın saxlandığı ərəfədə onun anasına tanışı, Mehabad şəhərindəki həbsxananın yüksək rütbəli əməkdaşı zəng edib. O, qadına bildirib ki, heç bir halda qızlarını evdən buraxmasın. Səbəb isə bu olub ki, onlar birdən etirazlarda iştirak etdiklərinə görə saxlanarlar, bu halda İran həbsxanalarında qadınlarla edilən çox pis rəftar onlara da tətbiq olunar.
Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və hicabını yandırıb. Polis ona bildirib ki, həmin an müşahidə kameralarına düşüb və bununla da onun saxlanmasına zəmin yaradılıb.
Xana qeyd edib ki, onu 40-a yaxın qadının, eləcə də polis əməkdaşları tərəfindən şiddətli şəkildə döyülən 13-14 yaşlı yeniyetmələrin olduğu polis bölməsinə aparıblar. Xana vurğulayıb ki, orada cinsi istismara məruz qalan qızların vəziyyəti isə ən acınacaqlısı idi.
Kamera yoldaşları ona baş verən zorlamalar barədə danışıblar və Xana yeniyetmələrdən birinin polisin dindirmə otağına aparmağa hazırlaşdığı bacısının müdafiəsinə qalxmağa çalışdığının şahidi olub. Polis onu dəyənəklə döyüb, bacısının isə qonşu otaqda qışqırıq səsləri gəlib. Xana qadının zorlandığına əmin olduğunu söyləyib.
Xana özü də zorakılığa məruz qalıb. O bildirib ki, polis əməkdaşı onu dindirmə otağına bağlayıb və orada ona cinsi xarakterli hərəkətlər edib. CNN nəşri bildirir ki, polisin “dindirməsi”ndən sonra qızın boynunda qançır izi görünüb.
Xananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur: “Onlar qadınları hədələyirlər ki, başlarına gələnləri heç yerdə deməsinlər.
Xananı həbsdən atası xilas edib və o, əmisinin ailəsi ilə birlikdə bir qrup kürd qaçaqmalçıları ilə İrandan çıxa bilib. CNN-in məlumatına görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.
Baş verənlərə baxmayaraq, Xana başqalarından daha şanslı olduğunu düşünür. CNN yazır ki, bir çox məhbus İran həbsxanasında yoxa çıxır. Xana bildirir ki, cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə aparılan qızlar da var idi. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb.
İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib. Lakin onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Polis qızı etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Rəsmilər bildirib ki, polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar edib.
Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini ağır xəsarətlə Tehranın Kərəc vilayətindəki xəstəxanaya aparıblar. Qızın saçları qırxılmış vəziyyətdə olub. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər.
Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur ediblər. Onun başına gələnlər ictimailəşəndə polis qızı xəstəxanadan aparıb. Rəsmi məlumatlara görə, o, yerli həbsxanaya köçürülüb, lakin bu məlumat təsdiqini tapmayıb.
CNN jurnalistləri baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxlasalar da, onlara Armita Abbasi ilə bağlı heç bir məlumat verilməyib.
Kənan