Bakı Apellyasiya Məhkəməsində yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən İbrahim Əsədzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd: Hadisə bu il aprelin 27-də gecə saat 03:15 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə yol kənarında dayanmış şəxsləri vuraraq öldürüb.
Hadisə vaxtı Ramazan ayı ilə əlaqədar SOCAR-da işləyən 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu “Mercedes” markalı avtomobili yol kənarında saxlayıblar. Onlar maşından düşərək baqaj hissədə sahur yeməyi yeməyə başlayıblar. Bu zaman İ.Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet Camaro” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol kənarına çıxararaq onlara çırpıb. Nəticədə E.Qurbanov və S.Cəfərov hadisə yerində ölüb.