Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, sabiq deputat Ağacan Abıyev 85 yaşını qeyd edir.
Pravda.az-ın əməkdaşı Ağacan Abıyevin yubiley yaşı ilə əlaqədar təəssüratlarını öyrənib.
A.Abıyev uzun yaşamağın sirlərini bizimlə bölüşüb, gənclərə tövsiyələrini verib: “Gənclərimiz sağlam həyat tərzi keçirsinlər. Bunun üçün idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Sağlam həyat t'rzi keçirəndə sağlam fikirlər də əmələ gələr. Bir sözlə, sağlam olmaq istəyirsinizə, idmanla məşğul olun. Mən 15 yaşından idmanla məşğul olmuşam. Get-gedə idman nəticələrim də yaxşılaşıb. Məktəbdə oxuyanda üç, dörd, beşlə oxuyurdum, adi şagird idim. Amma institutda oxuyanda, idmançı olanda isə çalışırdım ki, üç-dörd almayım, əlaçı olum. Bunun üçün oxumaq lazımdır. İdman həm də gənclərin istədiklərinə, arularına nail olmalarına kömək edir. Sağlam oldunsa, hər şey edə bilərsən. Bunu mən özümdə hiss edirəm. 8-ci sinifdə adi şagird idim, idmanla məşğul olandan sonra 9-10-cu siniflərdə, intitutda əlaçı, Lenin təqaüdçüsü… Dedilər “idmançı da Lenin təqaüdçüsü ola bilər?” Dedim ki, əvvəl 3-4 alırdım, indi isə ancaq 5 alıram, çünki idman insana ruh verir. Gənclər, gərək, mütləq idmanla məşğul olsunlar ki, bədənləri həm təmizlənsin, rahatlansın, həm də ağır işə yüngül kimi baxsınlar. İndi də hər səhər yarım saat idmanla məşğul oluram. Sən hər gün yarım saat idmanla bədənində qayda yaradırsan. Orqanizm bu qayda ilə işləyəndə yorulmur və istədiyini həll edə bilirsən”.