Artıq adi hal olub. KTMT-nın hər iclasında erməni baş nazir Azərbaycanın məsələsini qaldırır, birliyi Ermənistanın təhlükəsizliyi ilə ciddi maraqlanmamaqda ittiham edir. Amma hər dəfə də rədd cavabı alır və təşkilat üzvləri tərəfindən tamam etinasız qarşılanır.
Bu dəfə də belə oldu. Əvvəlcə onu deyək ki, bu günlərdə KTMT-nın Ermənistanda keçirilən sammitində rəhbərlik İrəvandan Astanaya keçdi və ümid etmək olar ki, bundan sonra Nikol Paşinyanın sərsəm bəyanatları bir az azalacaq. Amma erməni baş nazir bu dəfə də fürsəti əldən vermədi və özünün sərsəm ittihamlarını yenidən dilə gətirdi.
Ümumiyyətlə götürdükdə isə, İrəvan Moskvadan həmişə Qafqazdakı maraqlarını Ermənistanın maraqlarına tabe etməyi tələb edib. Amma bu günə qədər buna nail olmayıb, hər dəfə rədd cavabı alıb, çünki Rusiya böyük dövlətdir və onun Cənubi Qafqazda özəl maraqları var.
İrəvan hər dəfə özünün Rusiyadan umacaqlarını dilə gətirəndə İsraillə ABŞ-ın münasibətlərini misal göstərir, guya ki, Vaşinqtonun hər məsələdə qeyd-şərtsiz Təl-Əvivi müdafiə etdiyini deyir, halbuki qətiyyən belə deyil. Əgər elə olsaydı, ən azı ABŞ on illər bundan əvvəl Tehrana qarşı müharibə açardı...
O ki qaldı qonşu Rusiyaya, Dağlıq Qarabağ ondan ötrü özünün regiondakı maraqlarını təmin etmək üçün rıçaqlardan biridir. Moskva böyük məmnuniyyətlə Dağlıq Qarabağı “özəlləşdirərdi” və vaxtaşırı belə istəyin əlamətləri sezilir. Bunu neçə illər bundan əvvəl Gürcüstanın prezidenti Mixeil Saakaşvili BMT-dəki çıxışında demişdi. Amma bu, heç də onun kəşfi deyildi, otuz il ərzində bunu sezmək üçün elə bir dərin ağıl tələb olunmurdu. Rusiya daim Dağlıq Qarabağı Azərbaycanla Ermənistan arasında “alma”ya çevirib, onu daim gah Bakıya, gah da İrəvana tərəf “uzadır”.
Amma indi proses həlledici məqama gəlib çıxıb. Avropalı diplomatlar və siyasətçilər bir məsələdə haqlıdırlar ki, Ukraynada bataqlığa düşən Rusiya hazırda daha çox öz sülhməramlılarının Qarabağda qalma müddətinin necə artırılması haqqında düşünür və heç də yaxın müddətdə Dağlıq Qarabağ məsələsinin həll olunmasını istəmir. Bunu son günlərin hadisələri, eləcə də Soçidəki son görüş, Moskvadan Dağlıq Qarabağa göndərilən kadrlar göstərdi.
Hazırda il başa çatmaq üzrədir. Brüsseldəki son görüşdə daha bir görüşün noyabr ayında olacağı deyilirdi. Ayın başa çatmasına cəmi bir neçə gün qalıb və hələ də ümid edilir ki, görüş baş tutacaq, amma bu xüsusda hələ ki konkret bir söz deyilmir.