“90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub və bu gün də Rusiya aclıqdan Ukraynaya qarşı müharibə silahı kimi istifadə edir, eyni zamanda, dünyanın digər ölkələri arasında parçalanma və qeyri-sabitlik yaratmağa çalışır”.
Pravda.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Ukraynadan taxıl” təşəbbüsü ilə bağlı konfransda deyib.
“Mən Ukraynanın və beynəlxalq ictimaiyyətin Qara dəniz vasitəsilə taxıl tədarükünün davam etdirilməsi səylərini qətiyyətlə dəstəkləyirəm. Bu, həyati əhəmiyyət kəsb edir. Xüsusilə, NATO müttəfiqimiz Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün BMT ilə birlikdə fəaliyyətini alqışlayıram.
Bu yaxınlarda İstanbulda Prezident Ərdoğanla görüşərkən mən Boğazda taxıl gəmilərini gördüm. Onlar Ukrayna limanlarından ərzaq, taxıl və gübrə daşıyırlar.
Mən həmçinin, NATO müttəfiqlərinin və Aİ-nin Ukraynadan quru vasitəsilə yüklərin daşınması istiqamətində səylərini alqışlayıram.
Bu böhranın səbəblərini hamımız xatırlamalı və izah etməliyik. Bu ərzaq böhranı Rusiyaya qarşı beynəlxalq sanksiyalardan qaynaqlanmır.
Buna Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəb olub”, - Yens Stoltenberq vurğulayıb.
O deyib ki, Rusiya suveren demokratik qonşusunun ərazisinə hərbi müdaxilə edib: “Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tamamilə məhəl qoymayaraq, Ukrayna ərazisinin bəzi hissələrini ilhaq etməyə cəhd edib.
Rusiya dinc sakinlərə və mühüm infrastruktur obyektlərinə qəsdən kütləvi hücumlar həyata keçirir. Yaşayış binaları, xəstəxanalar və elektrik şəbəkələri hədəf alınır.