Bizlərdən biridir o da, amma Tanrı yerini seçilmişlər cərgəsində yazıb. Bunu o zaman heç kim bilmirdi, çünki Yaradanın onun alnına yazdığı qədər hələ yol gəlirdi.
Özü isə hər şeydən bixəbər uşaqlıqdan zəhmətə alışa-alışa böyüyürdü. Özünün dediyi kimi: "Həyatın yolları həmişə hamar olmayıb". Bu sözləri onunla üzbəüz söhbət edərkən dedi. Özü də çox amiranə, özünəməxsus bir ağırlıqla söylədi. Düzü, müsahibə üçün müraciət edəndə dərhal cavab alacağıma inanmırdım, çünki dövlət qulluqçuları, rəhbər şəxslər həmişə vaxtın darlığından şikayətçidilər. Amma düşündüyümün əksi ilə rastlaşdım və iki həftədən sonra müsahibə gününün vaxtı bəlli oldu. Və mən böyük həvəslə, qucaq dolusu sualla görüşə gəldim. Sualları cavablandıracaq bugünkü müsahibim isə Azərbaycan SSR-in Əməkdar mühəndisi, texnika elmləri doktoru, millət vəkilli Vahid Əhmədov oldu.
- Lap əvvəldən başlayaq...
- Qubanın Qonaqkənd qəsəbəsində 1947-ci ilin aprel ayının əvvəlində anadan olmuşam. Orta məktəbə də orda getmişəm. Birinci sinifdən sonuncu sinfə qədər əlaçı şagird olmuşam və nəticədə məktəbi qızıl medalla bitirmişəm. Çoxuşaqlı ailədə böyümüşəm. Həyatımız heç də asan keçməyib. Çünki ailədə doqquz uşaq böyüyürdü və biz də müəyyən işlər görməklə ailəyə köməklik edirdik. Tale elə gətirdi ki, bir-bir Bakıya oxumağa gəldik. Növbə mənə çatanda ən əvvəl işə düzəldim, çünki dolanmaq lazım idi. O zaman Şmidt adına maşınqayırma zavodunda fəhlə kimi işləməyə başladım, axşam isə Azərbaycan Politexnik İnstitutunda təhsil aldım. Çətin olsa da, zavod həyatı mənim üçün çox maraqlı idi. Kifayət qədər məvacib alırdım, ata-anama da yardım edə bilirdim. Həyatın yolları həmişə hamar olmayıb.
- Doqquz uşağı ərsəyə gətirən ata və ana...
- Şirvan zonasında Quba bölgəsindən olan qaçaq Mayılın nəslindənəm. Ana babam olub. Onun bir qardaşı vardı İsmayıl kişi, 134 yaşında dünyasını dəyişdi. Bizə həmişə tövsiyə edərdi ki, heç vaxt dövlətin malına qarışmayın, ondan yan keçin. Allah lazım bilərsə, özünüzə verəcək. Bunu atam da bizə həmişə deyərdi. Atam mühasib olduğundan hər işin üzünü də, astarını da yaxşı bilirdi. Anam evdar xanım idi, başqa cür ola da bilməzdi, doqquz uşağı boya-başa çatdırmaq özü böyük bir iş idi. Və bu uşaqların hamısı alitəhsilli oldu. Burda mən məktəb mühitini də vurğulamaq istərdim. Oxuduğum sinifdə dörd nəfər medala layiq görüldü - iki qızıl, iki gümüş. Biz dörd nəfər məktəbin həm ilk, həm də son medalçıları olduq.
- Bütün ali məktəblərin qapısı üzünüzə açıq olduğu halda, qızıl medal və axşam təhsili...
- Mən işləməli idim, başqa çıxış yolu yox idi. Mühəndislik və iqtisadçılığa həvəsim böyük olub həmişə. Politexnikə də o həvəslə daxil oldum. Zavoda da ona görə gəldim ki, oranın yataqxanası vardı və mən kirayə ödəməyəcəkdim. Addımlarımı ölçüb-biçmək məcburiyyətində idim.
- Və gəldiniz zavoda...
- Zavod həyatı böyük bir məktəb olub mənim üçün. Leytenant Şmidt zavodu Moskvaya tabe olan böyük maşınqayırma zavodu idi. O zaman zavoda düzəlmək o qədər də asan deyildi. Həmin dövrdə ora mərhum Həsən Seyidov rəhbərlik edirdi. Cərrah qardaşım onun bir qohumunu əməliyyat etmişdi və bu vasitəçiliklə fəhlə kimi həmin zavodda fəaliyyətə başladım. Deyim ki, on min işçisi olan nəhəng müəssisə ilk gündən məni özünə çəkə bildi. Fəhləlikdən sonra dəzgahda işlədim, ustalıqdan sex ustasına çevrildim və artıq 25 yaşında mən sex rəisi idim. Hərbi xidmətdən sonra yenə də zavoda qayıtdım. İllərlə çalışdığım zavodların dəyişən yalnız adları və tutduğum vəzifələr oldu. Bakı Radio zavodunda istehsalat şöbəsinin rəisi oldum. Bakı Dəzgahqayırma İstehsalat Birliyinə məni artıq Mərkəzi Komitə göndərdi. İlk dəfə məni vəzifəyə Ulu öndər Heydər Əliyev təyin edib. Məni Mərkəzi Komitəyə dəvət etdilər və üç zavoddan birinə rəhbərlik etmək təklif olundu. Mən "Bakı fəhləsi" zavodunu seçdim. , çünki qabaqcıl zavod idi. SSRİ-də rəhbərlik dəyişdi, hakimiyyətə Qorbaçov gəldi və Heydər Əliyevə mübasibəti yaxşı olmadı. O ərəfədə onu başa salanlar oldu və Qorbaçov Tümenə səfər etdi. O zaman neft-mədən avadanlığının 75 faizini SSRİ-də Azərbaycan istehsal edirdi. Mancanaq adlı dəzgah vardı ki, onu Azərbaycan, Rumıya və ABŞ istehsal edirdi. Tümendə onun əsas hissəsini açdılar. Qorbaçov soruşanda ki, niyə neft istehsalı aşağıdı? Cavab verdilər ki, Azərbaycandan gələn mancanaqların reduktorları xarabdı. Artıq Qorbaçovun Heydər Əliyevi uzaqlaşdırmaq kimi məqsədi olduğundan Azərbaycanla bağlı ən xırda məqamlar da onun üçün bir bəhanə idi. O zaman II katib olan Konovalovla bir neçə direktoru Moskvaya çağırdılar və mən orada deyilənlərin doğru olmadığını, yanlış məlumat verildiyini söylədim. Bu hadisədən sonra məni "Keşlə" maşınqayırma zavoduna keçirtdilər, hansı ki, bu zavod yalnız reduktorlar istehsal edirdi. Heydər Əliyevin adına görə orada gecə-gündüz işləməyə başladıq, kömək edənlərimiz də oldu. Sonda məhsulları rus hərbçiləri bizdən qəbul etdi və biz bunun nə demək olduğunu çox gözəl anlaylrdıq. Son olaraq "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olaraq istehsalatdakı fəaliyyətim bitdi. Ümumiyyətlə Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub. 1986-cı ildə H.Əliyev SSRİ Ali Sovetinin deputatı seçilməli idi. Dedilər ki, "Bakı fəhləsi" zavodundan seçiləcək. Zavod hər il Moskvadan keçici qırmızı bayraq alırdı. O sekgi ərəfəsində mən bir ay zavodda yatdım. Kamran Bağırov, Fuad Musayev hər gün gəlib işlərə nəzarət edirdi. Zavodda xeyli sayda ermənilər də çalışırdı. Həmin ərəfədə zavodda bir sexi də yandıra bildilər, çünki xislətləri bu idi. Amma bu yanğını mənə qarşı çevirə bilmədilər, özləri həbs olundu. Sonda Ulu Öndər özü gəldi. Dörd saata yaxın zavodda oldu, gəzdi, bütün məlumatları ona verdim. Gedəndə belə bir tapşırıq verdi ki, Vahiddən muğayat olun, o, bizə həmişə lazım olacaq.
- Siyasətə gələn yol başladı...
- Bu yol elə zavoddan başlayıb. Komsomoldan başlayan çıxışlarım sonralar rayon partiya komitələrində davam edib. Bakı şəhər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, Kommunist partiyasıının Nizami rayon təşkilatının büro üzvü olmağım artıq siyasətdə olmaq demək idi, amma fikirlərim həmişə demokratik olub. Ali Sovetin deputatı olarkən müstəqillik uğrunda gedən mübarizələrdə iştirak etmişəm. Bəzi deputatlar deyəndə ki, Azərbaycan müstəqil yaşaya bilməz, mən hesabatlara söykənərək çıxışlarımda bizim müstəqil yaşaya biləcəyimizi çəkinmədən söyləmişəm. Mən heç zaman işdən qorxmamışam, çünki təsərrüfatda olan insanlar əməyi çox sevir. Onlar müəyyən mərhələyəmi, vəzifəyəmi, rəhbərliyəmi fərqi yoxdur - hamısı əziyyət görə-görə bu mərtəbəyə gəlib çatıb. Təsərrüfatı bilmədən idarəçilik etmək çox çətindi. Hamımızın yadındadı Ulu öndər həmişə kolxoz və sovxozlarda, tarlalarda, fabrik və zavodlarda tez-tez olardı, təsərrüfatla ciddi maraqlanardı. Hər bir rəhbər üçün bu çox vacibdi. Siyasi fəaliyyətim Azərbaycan müstəqillik qazanandan sonra daha çox irəliləməyə başladı.
- Hələ tələsməyək. 72 il sürən bir hakimiyyətdən danışaq...
- Açıq deyəcəyəm, o hakimiyyətin müsbət tərəfləri çox idi. İş haqqında, övladının gələcəyi haqqında heş kəs düşünmürdü. İşləməyən mütləq işə cəlb edilirdi. Təhsili, səhiyyəsi yüksək idi. Bu, öz yerində. Amma mənfisi də kifayət qədər vardı. Sən ancaq bir partiyanı tərifləməli idin. Düzə düz, əyriyə də düz deməli idin. Həqiqəti söyləsəydin, başına min oyun gələ bilərdi. 1991-ci ildə SSRİ-nin dağılmasının lehinə səs verən 43 deputatın biri də mən olmuşam. O zaman zavod direktoru, büro üzvü idim. Bir az tərəddüd içində idim ki, birdən bu quruluş dağılmaz. Belə olardısa, bütün nəsil məhvə gedə bilərdi. Rəhmətlik Ulu öndər də bizimlə idi. Dedi ki, narahat olma, SSRİ yoxdur. Dedim ki, bəs siyasi büro? Onun cavabı heç vaxt yadımdan çıxmaz. Dedi ki, heç siyasi büro da yoxdur. Bundan sonra siyasi büro Amerikada - Vaşinqtonda olacaq. Ondan sonra səs verdik və müstəqilliyimizi qazandıq. Müstəqil dövlətin əzəməti möhtəşəmdi. Özümüzün bayrağı, gerbi, milli valyutası - bu, tamam başqa aləmdi. Hər dəfə dalğalanan bayrağımızı görəndə, o qədər qürur və fəxr hissi keçirirəm ki... Heç uzağa getmədən bir nümunə deyim. Anadan olduğum Qonaqkənd qəsəbəsinin ətrafında 60-a qədər kənd var. 70 il biz çalışdıq ora yol çəkək. Həmin yol iki çaydan keçirdi, çox çətin idi və yol çəkilmədi. Amma cənab Prezident üç ilə oranın yolunu çəkdirdi, açılışında da iştirak etdi. Müstəqillik bax, budur.
- Həmin ərəfədə Almaniyada təhsil də almısınız...
- 80-ci illərin sonunda bazar iqtisadiyyatına keçid adlı mərhələ başladı və SSRİ Ali Sovetinin qərarına əsasən hər respublikadan bir və ya iki nəfər bu prosesi öyrənmək üçün Almaniyaya təhsil almağa göndərilməli idi. Azərbaycandan məni göndərdilər. Bu, bütün respublikalara şamil olunduğundan Ermənistandan da nümayəndə var idi. O zaman artıq biz münaqişəli tərəflər olduğumuz üçün qrafiki elə qurmuşdular ki, bu iki ölkənin nümayəndəsi rastlaşmasın. Üç il mərhələli təhsil alırdıq deyə, biz gedəndə onlar qayıdırdı və əksinə olurdu. Sonda Bonn Menecment İnstitutunu bitirib menecment-iqtisadçı beynəlxalq diplomunu aldım.
- Müstəqil Azərbaycanın baş nazirinin birinci müavini Vahid Əhmədov...
- Çox çətin, ağır və gərgin dövr idi. Hər yerdən iqtisadi əlaqələr kəsilmişdi. Azərbaycan iqtisadiyyatını vəziyyəti heç də yaxşı deyildi. Mitinqlər, istehsalatın dayanması çıxılmaz hədd yarada bilmişdi. Əhalinin əksər hissəsi işsiz idi, amma maaş istəyirdi, yəni qarışıq bir durum hökm sürürdü. Dövlətin xəzinəsi boş idi, ölkədə taxıl problemi vardı. Xalq Cəbhəsi artıq hakimiyyətdə idi. Taxıl məsələsini necə həll etmək üçün Əbülfəz Elçibəy məni çağırıb çıxış yolunu soruşdu. O zaman biz Türkiyə və Rusiyadan vəsait almaqla bu problemi həll edə bilərdik. Elçibəy, mən, Pənah Hüseynov Türkiyəyə getdik. Süleyman Dəmirəl 250 milyon kredit ayırdı bizə. Bu vəsaitin hesabına Batumidən keçməklə ölkəyə taxıl gətizdirdik. Amma Batumidən taxılın hamısı Azərbaycana gəlib çatmırdı. O zaman Heydər Əliyev Naxçıvanda idi və xahiş etdim ki, taxılı əvvəl onlar götürsün, çünki bölgə blokada şəraitində idi. İran vasitəsilə Naxçıvana yanacaq daşınması üçün 70-ə qədər maşın ayırmışdım. Təbii ki, bunlar Əbülfəz Elçibəylə razılaşdırılmışdı. Daha sonra Rusiyadan götürdüyümüz kredit hesabına ölkəyə taxıl daxil olmağa başladı. Vəziyyətin çətinliyi bununla bitmirdi ki... Qarabağ kimi böyük problem vardı, müharibə gedirdi, ordu pərakəndə vəziyyətdə idi. Müstəqil Azərbaycan başlanğıcda çox çətin və ağır bir yolla yürüyüb.