Qardaş türkmənlər millətin reputasiyasını qorumağın yolunu tapıblar, üzü botokslu, dodağı silikonlu, süni kirpikli, qoyulma dırnaqlı, köhnə makiyaj standartları ilə desək, ənlik-kirşanlı qadınları təyyarəyə minməyə, Dubaya uçmağa qoymurlar.
Dünən bu barədə Orta Asiya saytlarında material vardı, hadisəni və bir qadının giley-güzarını yazmışdılar. Qadın gileylənirdi ki, aeroportda onlara deyiblər, kompüterdəki üztanıma proqramı sizi tanıya bilmir, pasportunuzdakı kimi təbii görünməlisiniz, yoxsa Dubay yolu sizə bağlıdır.
Əslində türkmən məmurlar kompüterin üztanıma proqramının error verməsi məsələsini düz deyirlər, özünü, üz-gözünü elə dəyişdirənlər var ki, onları halal-hümbət ərləri belə tanımır. Ancaq buradan çıxış yolu var: gərək o qadınlar ya yığılma sifətlə çəkilmiş şəkillərinin yapışdırıldığı pasport alsınlar, ya da plastik əməliyyatdan əvvəlki vaxtlarına dönüş etsinlər. Necə deyərlər, ya olduğun kimi görün, ya göründüyün kimi ol.
Belə anlaşılır ki, botokslu, silikonlu qadınların Dubaya uçmasının qarşısını alan miqrasiya məmurları onların oraya hansı məqsədlə uçduqlarını bilirlər və buna ona görə mane olmaq istəyirlər ki, o qadınlar gedib həmin azad iqtisadi zonada türkmən xalqının adını batırmasınlar. Aşqabadda hava limanının işçiləri onlara elə beləcə də deyiblər, deyiblər ki, isti ölkələrə uçan quşlar kimisiniz.
Dubayın adı pis çıxıb, bilirsiniz. Postsovet ölkələrində Dubaya uçan qadınlara, dünyada isə Taylanda uçan kişilərə pis baxırlar. Hələ başqa yerlər də var, adlarını çəkmək məqsədəuyğun deyil.
Təyyarəyə minmələri yasaqlanan qadınlar isə dirəşiblər ki, bu, insan haqlarına ziddir. Onlar da haqlıdır. Belə baxanda kim haraya hansı məqsədlə uçar, gedib orada nə edər, özü bilər. Amma yenə də bu, türkmən məmurların qeyrət damarına toxunan haqq-hesabdır, ölkənin adına söz gəlir.
14-15 il öncə bizdən də qadınları avtobus-avtobus, təyyarə-təyyarə toplayıb Dubaya, Türkiyəyə aparanlar vardı, ölkənin adı bədnam olmuşdu. Sonra yuxarılardan hüquq-mühafizə orqanlarına necə bir əmr verildisə, “mama Roza” və “papa Rza”ları cələkləyib basdılar türməyə. O tərəfdən də bir xeyli qadını Anadolu camaatının “fühuş operasyonu” dedikləri əməliyyatdan sonra ölkədən deportasiya etdilər. O dövrlər Türkiyə mediası eyzən belə xəbərlər verirdi: “İstanbulda (Trabzonda, Ankarada) farklı adreslere düzenlenen fuhuş operasyonunda ... kişi gözaltına alınıb. Tutuklananlar arasında Azerbaycan, Moldova, Türkmenistan, Gürcüstan uyruklu hayat kadınları var”.
Sonradan belə əməliyyatlar xeyli azaldı, amma ara-sıra yeni postsovet ölkələrindən gəlmiş qadınları və onları istismar edənləri tuturlar. Nə qədər “fühuş çetesi çökertildi” deyə xəbərlər getsə də, bu andır çetelər tamam çöküb qurtarmırlar. Çünki bu, gəlirli sektordur. Narkotik, silah və insan alverində, bir də qumarda olan pul heç bir sektorda yoxdur. Ona görə də bu işə qol qoyanlar həmişə olub və olacaq.