2022-ci ilin son ayındayıq. Əfsus ki, başa çatmaqda olan il də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və düşmənçilik səhifəsinin çevrilməsinə gətirmədi. Xarici havadarlarından stimul alan rəsmi İrəvanın apardığı pozucu və sülhü imitasiya siyasəti imkan vermədi.
Hərçənd Brüssel prosesi çərçivəsində, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə anlaşma əldə olunmuşdu ki, 2022-ci ilin noyabr ayı ərzində xarici işlər nazirləri sülh müqaviləsinin ilkin mətnini müzakirə eləsinlər, dekabrda - ilin sonunadək isə müqavilə imzalansın.
Beləcə, bölgədə xeyli artan müharibə riski köhnə ildən təzə ilə adlayır. Ona görə ki, Ermənistan rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan eləsə də, real sənədə gələndə bunu öz imzası ilə təsdiqləmək istəmir, iki ildən çoxdur müxtəlif bəhanələrlə, o sırada “artsax” mövzusunda spekulyasiya eləməklə sülh sazişindən yayınır. Sözsüz ki, qatı ermənipərəst Fransa dövlətinin fitnəkar və təxribatçı addımları Nikol Paşinyan hökumətini bu yöndə daha cəsarətli edir. Sülh danışıqlarını bir az da mənasız hala gətirir.
Putin Avropanı dövlət çevrilişləri ilə hədələyir: Rusiya isə klassik inqilabi situasiyaya sürüklənir
Yaranmış durumda Makronsuz görüşlərə getməmək qərarı vermiş Paşinyanla danışıqların əslində anlamı qalmır. O zaman sülh prosesini irəli aparmağın tək yolu hərbi gücə əl atıb sülhə məcbur etməkdir. Bu mənada vəziyyət müəyyən mənada 2022-ci ilin 27 sentyabr ərəfəsini xatırladır. Nə vaxt ki, Nikol öz hərəkətləri ilə sülh qapılarının hamısını bağlamışdı.
Odur ki, yaranmış durumun Ermənistana hansı sürprizlər vəd elədiyi barədə gərək öncə İrəvanda yaxşı-yaxşı fikirləşsinlər. Azərbaycanın itirəcəyi bir şey yox. Kapitulyant ölkədə onu da unutmasınlar ki, nəinki Qarabağda, eləcə də Ermənistanla sərhəd boyu bütün strateji yüksəkliklər və mövqelər bizdədir. Obrazlı ifadə eləsək, hər şey “ovucumuzun” içində, o cümlədən “Şeytan yuvası” Xankəndi. Separatçı anklava gedən su, qaz, işıq, internet xətləri, bir sözlə, irili-xırdalı “nəfəsliklər” də həmçinin bizim nəzarətimizdə...
***
“Azərbaycan artıq əmin olub ki, Ermənistan tərəfi ərazi bütövlüyünün tanınması ilə bağlı istənilən danışıqlar prosesini sabotaj etməyə çalışır”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a politoloq Fərhad Məmmədov tərəflər arasında gözlənilən sülh müqaviləsinin imzalanmamasına münasibət bildirərkən deyib.
“Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ya tanımağa hazır olması ilə bağlı bütün bəyanatları boş sözlərdir. Diplomatik fəallıq onunla bağlıdır ki, hazırda əsas oyunçular - Rusiya, ABŞ və Fransa başa düşür ki, danışıqlar prosesi olmadığı təqdirdə hərbi əməliyyatların başlanması şansı yüksəkdir. Ona görə də bəzi qabaqlayıcı addımlar atmaq üçün müəyyən tədbirlər həyata keçirilir”, - deyə politoloq qeyd edib.