Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı əməliyyatlar Azərbaycanda əsas gündəm mövzularından biridir. İlk olaraq bu il noyabrın 1-də muxtar respublikanın Dövlət Təhlükəsizlik Xidməti ləğv edildi və qurumun yetkiləri baş idarə səviyyəsinə endirildi.
Noyabrın 28-də yayımlanan açıqlamada Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyevin həbsi açıqlandı. O, 144 milyon manat həcmində dövlət vəsaitinin mənimsənilməsində suçlanır. Maliyyə naziri haqqında, hələlik, 4 aylıq həbs qərarı verilib. Həmin tarixdən bir gün öncə muxtar respublikanın gömrük komitəsində də həbslər qeydə alınmışdı. Elan edilən ittihamlardan bəlli olur ki, qurumun əməkdaşları 132 milyon manatı mənimsəməkdə suçlanır. Onlar gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemlə yanaşı, qeyri-rəsmi ikinci yığım sistemi yaratmaqda ittiham edilirlər. Söhbət idxal mallarına rəsmiləşdirmədən əlavə "rüsum" almaqdan gedir. Naxçıvan gömrüyü ilə bağlı yayılan xəbərlərdən bir neçə gün sonra muxtar respublikanın gömrük komitəsi ləğv edildi. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin tabeliyində baş idarəyə çevrildi.
Büdcə gəlirləri dotasiyadan formalaşır
Naxçıvanda korrupsiyaya dair bu qədər irihəcmli rəqəmlərin açıqlanması muxtar respublikanın iqtisadiyyatı ilə bağlı təbii bir sual doğurur: Bəs burada iqtisadiyyat necə inkişaf edib?
Açıqlanan rəsmi bilgilərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin formalaşmasında mərkəzi büdcədən ayırmalar həlledici yer tutur. Məsələn, ötən il muxtar respublikanın toplam büdcə gəlirləri 523 milyon manat olub. Bu vəsaitin 378 milyon manatı - 72 faizi dotasiya hesabına təmin edilib. Yerli gəlirlər 145 milyon manatı keçməyib. Bütövlükdə son 10 il ərzində muxtar respublika büdcəsi gəlirlərinin 72-82 faizi mərkəzi büdcədən ayrılan dotasiyalar hesabına formalaşıb.
Ötən il ərzində Naxçıvan Muxtar Respublikası gəlirlərinin (145 milyon manatın) 104 milyon manatı (72 faizi) vergilərdən yığılıb. Gömrük gəlirlərinin büdcə payı 22 faiz olub. Muxtar respublikanın gömrük orqanları dövlət büdcəsinə ilboyu 31 milyon manat vəsait qazandırıb. Bu o deməkdir ki, ləğv edilən gömrük komitəsi muxtar respublikanın illik gömrük yığımlarından təxminən beş dəfə çox vəsaiti mənimsəməkdə ittiham edilir.