Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan bir çox itkilərlə yanaşı mədəni sərvətin itkilərinə də məruz qalıb, mədəni sərvət məhv edilib.
Pravda.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.
Baş nazirin müavini bildirib ki, Ermənistanın təcavüzü nəticəsində mülki vətəndaşlarımız qətlə yetirilib, şəhərlər kəndlər dağıdılıb, həmçinin mədəni mənəvi sərvətlərimiz 30 il ərzində dağıdılıb, talan edilib.
Əli Əhmədov deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqları azad olunduqdan sonra qlobal ictimaiyyət bu torpaqlarda törədilən vandallıqla əyani şəkildə tanış olub: “30 illik işğal dövründə Azərbaycan xalqı böyük iqtisadi itkilərlə üzləşməklə yanaşı xalqımızın zəngin mədəni irsi məhv edilib. Azərbaycana qarşı vurulan zərbələr, mədəni sərvətlərimizin məhvi ilə bağlı müraciətlərimiz ayrı-ayrı qurumlar, UNESCO tərəfindən sükutla qarşılanırdı. Azərbaycanın haqlı həyəcan səsi eşidilmədi. Torpaqlarımız azad olunduqdan sonra da UNESCO tərəfindən biganəlik hökm sürməkdədir. UNESCO-nun bu məsələ ilə bağlı mövqeyi ürəkaçan deyil. Ermənistan tərəfinin silah birləşmələri mülki obyektlər, mədəni sərvət hesab olunan obyektlər hücum üçün hədəf seçilib nəticədə zəngin sərvətimiz məhv edilib.