Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və güvənilir tərəfdaşına çevrilib.
Pravda.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.
Nazir müavini bildirib ki, Azərbaycan UNESCO-nun 2021-2025-ci illər üçün icraedici şurasına üzv seçilib: “Ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə 1 milyon dollar vəsait ayırıb. Həmçinin təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb”.