Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti daha əvvəl ləğv edilmişdi, bu həftənin əvvəlində isə ölkə Prezidenti Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verib. BBC News Azərbaycanca Naxçıvan ətrafında baş verən hadisələrlə bağlı yaranan suallara cavabları toplayıb.
Hadisələr necə başladı?
Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.
Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.
Onların bu ittihamlara münasibətləri bəlli deyil.
Azərbaycan hüquq-mühafizə orqanları bu məlumatları təkzib etməyib.
Baş Prokurorluqdan BBC-yə bildirib ki, Naxçıvanda həbslə bağlı əməliyyatları Dövlət Təhlükəsizlik Xidməti aparıb və "məlumatlı qurum odur". Amma BBC News Azərbaycanca DTX-i ilə əlaqə saxlaya bilməyib.
BBC-yə danışan bəzi təhlilçilərə görə, həbslərlə bu dövlət qurumlarının ləğvi arasında bağlılıq yoxdur, həbslər ölkənin bir çox digər dövlət qurumlarında və ya icra strukturlarında baş vermiş qanunsuz halların üzə çıxarılması prosesinin tərkib hissəsidir. Müsahiblərimizin fikrincə, nazirlik statusundakı qurumların baş idarəylə əvəzlənərək mərkəzi quruma tabe etdirilməsində məqsəd Naxçıvanın Azərbaycan daxilində "dövlət içində dövlət status"nu ləğv etməkdir.
BBC News Azərbaycanca Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyindən səslənən iddialarla bağlı cavab ala bilməyib. Milli Məclisin Naxçıvandan olan deputatları da muxtar respublika ətrafında baş verənlərdən danışmaq istəməyiblər.
Baş verənlərlə Naxçıvanın statusu arasında əlaqə varmı?
Siyasi təhlilçi Sülhəddin Əkbərin fikincə, Naxçıvana Azərbaycan daxilində muxtar respublika statusunun verilməsi "hüquqi non-sens olub", çünki Azərbaycan öz konstitusiyasına görə unitar dövlətdir.
"Bir dövlət daxilində başqa dövlət necə ola bilər?"- Sülhəddin Əkbər deyib.
O hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra "regionda yaranmış yeni reallığı nəzərə alaraq" bu, aradan qaldırılmalıdır.
Azərbaycan buna Konstitusiya dəyişikliyi yolu ilə də gedə bilərdi, amma, görünür, hakimiyyət Prezident səlahiyyəti ilə bu məsələyə yanaşır, ona görə də ayrı-ayrı qurumlar ləğv edilir. Nəticədə de-fakto bir vəziyyət yaranacaq, status ortadan qaldırılacaq, ondan sonra da formal baxımdan Konstitusiya dəyişiklik üçün referendum keçiriləcək", - Sülhəddin Əkbər bildirib.
Baş verən hadisələrdə İranın və Türkiyənin rolu varmı?
Siyasi təhlilçi Sülhəddin Əkbərə görə, Naxçıvan ətrafında baş verənlərdə aparıcı amil onun statusu məsələsi ilə bağlı olsa da, yan faktorlar da var. Onun fikrincə, buna Azərbaycanda aparılan oliqarxsızlaşdırma siyasətini, xarici faktorları, İranın təsirləri, Türkiyənin təzyiqlərini əlavə etmək olar.
"Naxçıvanda yerli hakimiyyətin İranla sıx əlaqələri var və bu bölgənin gömrüyü İrana sanksiyalardan yayınmaqda sanki bir cənnətdir. Bundan başqa, burada qaçaqmalçılıq və narkotrafik kimi məsələlər də var. Amma, görünür, son damla İran xüsusi xidmət orqanlarının guya Naxçıvanın İrana birləşməsi haqqında hazırladığı təxribat olub. Bu ərəfədə də İranla Azərbaycan hakimiyyəti arasında gərginlik hökm sürür", - Sülhəddin Əkbər deyib.
Onun fikrincə, Naxçıvan hakimiyyəti Türkiyə ilə İrana nisbətən daha soyuq əlaqələrə malik olub və bu da birincini narazı salıb.
Siyasi təhlilçi hadisələri qabaqlamaq istəmir, amma, düşünür ki, gələcəkdə Naxçıvan rəhbərliyi hakimiyyətdən uzaqlaşdırlmasa belə, onun bütün qanuni, hüquqi və biznes imkanları maksimum məhdudlaşdırılacaq.
Türkiyənin Naxçıvana təhlükəsizlik qarantı qalırmı?
Sülhəddin Əkbərin fikrincə, Azərbaycan daxilində Naxçıvanın statusunun dəyişdirilməsi kimi addımlar atılarsa, bu, Naxçıvana Türkiyənin təhlükəsizlik qarantiyası verən Qars və Moskva müqavilələrinin təsirinə mane olmayacaq.
Onun sözlərinə görə, qüvvədə olan müqavilələrlə Türkiyə Naxçıvana üçüncü dövlətin hücumu olduğu halda təhlükəsizlik qarantiyası vəd edir, amma bu məsələnin onun Azərbaycan daxilində statusunun necə olmasından asılılığı yoxdur: "Müqavilələrdə Naxçıvanın üçüncü bir dövlətin tərkibinə verilə bilməyəcəyi müddəası var".
1921-ci il martın 7-də Moskvada və 1921-ci il oktyabr 13-də Qarsda imzalanan müqavilələr ilə Naxçıvanın Muxtar Respublika statusunda Azərbaycanın tərfkibində qalması təsbit olunub. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikinci müqaviləni Türkiyə və Rusiyadan başqa, həm də sovet respublikaları olan Azərbaycan, Ermənistan və Gürcüstanla birgə imzalayıb.
Sülhəddin Əkbər deyib ki, Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanmış Şuşa bəyannaməsi artıq Naxçıvan da daxil bütün ölkə üçün təhlükəsizlik qarantı sayıla bilər.
Moskva və Qars müqavilələrində nə deyilir?
"Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Türkiyədə isə istiqlal mübarizəsi imperialist dövlətləri qıcıqlandırır və bunları qəbul etmirdilər. Hətta İstanbul müttəfiq qüvvələri tərəfindən tutulmuşdu və belə vəziyyət Rusiya ilə Türkiyəni birgə mübarizə üçün yaxınlaşdırdı", - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazıb.
Buna görə 1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilib.
Müqavilənin 3-cü maddəsinə əsasən göstərilib ki, Naxçıvan vilayəti həmin müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi kimi qalır.