BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakimiyyət böyük dəyişikliyə gedir – Yanvardan yeni təyinatlar, sensasion istefalar, səs-küylü həbslər gözlənilir

Naxçıvanda keçirilən antikorrupsiya tədbirləri ölkənin gündəmini zəbt edib. Baş verənlər ən müxtəlif baxış bucağından dəyərləndirilir, fərqli versiyalar irəli sürülür.

 

Əsas rəy budur ki, sözügedən əməliyyat iqtisadi yox, siyasi hadisədir; köhnə komandadan qalan odioz fiqurlardan qurtulmağa hesablanıb. Vasif Talıbov kimi geri düşüncəli, müasir idarəetmənin bütün prinsiplərini, şərtlərini əlinin tərsi ilə itələyən məmur yeni mərhələdə tormozlayıcı rol oynayır. Rəy liderlərinin təqdimatına görə, onun Naxçıvan kimi mühüm bir bölgədə idarəçilikdə qalması, həm də bu qədər gücü olaraq qalması dövlətin apardığı siyasətlə tərs mütənasiblik təşkil edir.

 

Bunlardan çıxış edərək demək olar ki, hakimiyyət növbəti dəyişikliyə hazırlaşır. Bu dəyişikliyin hədəfi yenilənmə və daha çevik idarəçiliyə keçiddir. Ayaq bağına çevrilən məmur korpusunu hakim komandadan kənarlaşdırmaqdır.

 

Həqiqətən də Naxçıvanda baş verənləri sıradan antikorrupsiya tədbiri kimi qiymətləndirmək mümkün deyil. Hakimiyyət ilk günlər bunu antikorrupsiya əməliyyatı kimi təqdim etsə də, ictimai rəy belə təqdimatı qəbul etmədi. Cəmiyyətin bu cür məmurların cəzalandırılmasına ciddi mənəvi-psixoloji ehtiyacı var. Vasif Talıbov və onun əşirətinə qarşı ictimai nifrət o həddə çatıb ki, bu klana qarşı siyasi əməliyyatın keçirilməsi dövlətə müsbət xallar qazandırır. Xalq Prezident İlham Əliyevi belə məmurlara qarşı cəza tədbirləri həyata keçirdiyinə görə alqışlayır. Azərbaycanlılar dövlət başçısını təkcə erməniləri məğlub etdiyi üçün sevmir, yalnız işğaldakı torpaqları azad etdiyinə görə alqışlamır, həm də belə məmurlara qarşı güzəştsiz olduğu üçün dəstəkləyir. Ona görə də Naxçıvanda baş verənləri antikorrupsiya tədbiri elan edib, mahiyyətini, dövlətin gördüyü nəhəng, vacib prosesi kiçiltmək, əhəmiyyətsizləşdirmək doğru olmaz.

 

Gerçəkdən baş verənlər təkcə dövlətin pulu, xalqın malı ilə bağlı deyil. Daha doğrusu, baş verənləri yalnız bunlarla sərhədləmək mümkünsüzdür. Hər kəs anlayır ki, Naxçıvanda bu cür əməliyyatlar və bu əməliyyatlardan sonra bir çox dövlət orqanlarının Bakıya tabe etdirilməsi başqa məqamlardan xəbər verir.

 

Vasif Talıbov erası özünün qürubunu yaşayır. Bu qədər budamadan sonra o, hakimiyyətdə qala bilməz. Qalsa da, əvvəlki Vasif ola bilməz.

 

Bəs növbəti addım nə olacaq? Dövlət yeni ildən hansı dəyişikliklərə, radikal islahatlara gedəcək?

 

Naxçıvanda baş verənlərin ardının olacağı şübhəsizdir. Güman ki, Vasif Talıbov və ona yaxın dəstə idarəçilikdən uzaqlaşdırılacaq. Bunun səbəblərini yuxarıda izah etdik. Amma gəzən söz-söhbətlərə, bizə çatan məlumatlara görə, ortada həm də dövlətin, millətin təhlükəsizliyi məsələsi var. Talıbovların Rusiya, İran və başqa ölkələrlə Bakının icazəsi, bilgisi olmadan əlaqələr yaratması barədə deyilənlər, yazılanlar sıradan dedi-qodu sayıla bilməz. Muxtar Respublika rəhbərinin mərkəzdənqaçma meyillərinin, davranışlarının olduğunu ciddi mənbələr də təsdiqləyir.

 

Çox güman ki, gələn ilin ilk aylarından başlayaraq dövlət növbəti kadr islahatlarına start verəcək. Bu təkcə Naxçıvanla məhdudlaşacaq qədər kiçik miqyaslı proses deyil. Hazırda idarəçilikdəki boşluqların qapadılması üçün ciddi addımların atılacağı barədə xəbərlər dolaşır. Prezident İlham Əliyev müharibədən sonra yaranmış reallıqları nəzərə alıb, komandasını bir daha format etməkdə qərarlı görünür. Son təyinatlarda əsas nəzərəçarpan məqam budur ki, keçmiş xidmətlər yox, bu gün görə biləcək işlər nəzərə alınır. Kadrların peşəkarlığı, savadı, vətənpərvərliyi, korrupsiya palçığına bulaşmaması, klan və bölgə lideri olmaması əsas şərt kimi götürülür. 2019-cu ildən start verilən hakimiyyət strukturlarının avtoritetsizləşdirilməsi siyasəti növbəti mərhələyə keçir. Heç bir nazir, komitə sədri, agentlik rəhbəri özünü əvəzolunmaz şəxs saya bilməz. Komandanın, ölkənin lideri Prezident İlham Əliyevdir. Bu gerçəyi qəbul edənlər idarəçilikdə qalıb davam edəcək, əksini düşünənlər dövlətin sərt üzünü görəcəklər, qənimləri DTX olacaq.

 

İslahata tuş gələn strukturlar ilk növbədə icra orqanlarıdır. İdarəetmədə hələ də köhnə düşüncəli, bədəməlli məmurlar qalmaqdadır. Dövlət onları birdəfəyə işdən uzaqlaşdıra bilmir. Bunun səbəbləri var. Amma zamanla belələrinin hakimiyyət pillələrindən düşürülməsi, yerinə sağlam insanların gətirilməsi əsas xətt seçilib. Yəni tendensiya sağlamdır. Sadəcə, prosesi daha uğurla aparmaq üçün zamana və kadr bankına ehtiyac var.

 

Müdafiə Nazirliyində islahatların davam etdirilməsi, orada kök atan “Beşinci kolon”un nümayəndələrinin zərərsizləşdirilməsi, korrupsiya zəncirinin əsas həlqələrinin sındırılması prosesi, güman ki, növbəti mərhələdə davam etdiriləcək.

 

Diplomatik korpusda yarıtmaz fəaliyyəti ilə dövlətə problem yaradan, cəmiyyəti hövsələdən çıxaran kadrların da islahat maşınının tırtılları altında qalacağı qaçılmazdır. Cəbhədəki uğurların davamı diplomatik müstəvidə olur. Bu sahədəki boşluqların aradan qaldırılması dövlətin prioritetləri sırasındadır.

 

Yəqin ki, yanvar ayından gec olmayaraq yeni təyinatlar, sensasion istefalar cəmiyyətin gündəminin baş mövzusu, medianın ana səhifəsinin manşeti olacaq.

 

Globalinfo.az-ın Xəbər Xidməti

Tarix: 9 Dekabr 2022, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin