9 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Hörleman ilə görüşüb.
XİN-dən verilən məlumata görə, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və xarici işlər naziri Annalena Beerbok daxil olmaqla keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.
Görüş zamanı, ikitərəfli və regional vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.