Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Pravda.az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi də iştirak edib. Tədbir ali nümayəndə Borelin və kommissar Varhelyinin, habelə aidiyyəti struktur bölmələrin rəhbərlərinin çıxışı ilə başlayıb.
İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkəmizin regional nəqliyyat-logistika qovşağı olması vurğulanıb.
Nazir Ceyhun Bayramov çıxış edərək ölkəmizin Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu və Azərbaycan Şərq Tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və faydalara əsaslanan ikitərəfli Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm tamamlayıcı mexanizm kimi görməkdə davam etdiyini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.
Nazir, Aİ-nın Azərbaycan üçün ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu və 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən, “yaşıl enerji”nin Avropaya potensial ixracı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların uğurla davam etdiyi bildirilib.
Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inkişaf etməkdə olan nəqliyyat qovşağının, o cümlədən Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün müsbət rol oynayacağını və regiondaxili ticarətə təkan verəcəyini vurğulayıb.
Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş məlumat verib. Nazir, Azərbaycan tərəfindən sülhün təmin olunması sahəsində səylərə baxmayaraq, Ermənistanın hələ də Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırıb.
Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirməkdə davam etdiyi vurğulanıb.
Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edildiyi, indiyə qədər 268 nəfərin mina qurbanı olduğu bildirilib. Minaların Azərbaycan ərazisinə gətirilməsinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstəyin mühüm əhəmiyyət daşıdığı nazir tərəfindən qeyd olunub.
Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində də təşəbbüs göstərdiyini bildirən nazir Azərbaycanın Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdiyini vurğulayıb.
Daha sonra, digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri çıxış edərək tərəfdaşlığın perspektivləri barədə danışıblar.
***
16:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.
Pravda.az xəbər verir ki, C.Bayramovun səsləndirdiyi bəyanatda deyilir:
"Ali nümayəndə Cozef Borel,
Komissar Oliver Varhelyi,
Hörmətli həmkarlar,
İlk növbədə, bugünkü nazirlər səviyyəsində görüşün təşkilinə görə öz minnətdarlığımı bildirirəm. Bu görüş Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək fəaliyyəti ilə bağlı açıq və səmimi fikir mübadiləsi üçün faydalı fürsətdir.
Şərq Tərəfdaşlığı iştirak edən bütün tərəflərin ortaq mənsubiyyəti və məsuliyyətinə əsaslanır. Bu fakt, sözügedən təşəbbüsün gələcək inkişafı ilə bağlı işimizi bundan sonra da istiqamətləndirməlidir.
Azərbaycan Şərq Tərəfdaşlığını Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ümumi maraq və faydalara əsaslanan mühüm yardımçı mexanizm kimi görməkdə davam edir.
Aİ bizim ən böyük ticarət və investisiya tərəfdaşımızdır. Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. Biz, həmçinin Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə üzrə tərəfdaşlarımızla çalışırıq və yaxın günlərdə nəzərə çarpacaq addım gözləyirik.
Azərbaycan və Aİ, həmçinin Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi üzərində işləyir və bu, layihə yönümlü əməkdaşlığın yaxşı nümunəsidir. Yüksək səviyyəli birgə işçi qrupunun ilk iclası ötən həftə Bakıda keçirilib.
Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir və bu gün nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçiriləcək.