Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.
Baş nazir Ə.Əsədov açılış nitqində qeyd edib ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulanıb ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.
Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov deyib: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.
Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü.
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.