Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Kollec direktoruna 800 manatlıq cərimə - Hicran Əyyubova şikayət etdi, məhkəmə təmin etmədi

Paylaş:
Kollec direktoruna 800 manatlıq cərimə - Hicran Əyyubova şikayət etdi, məhkəmə təmin etmədi
Bizi Google News-da izləyin

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicra Əyyubova əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada cərimələnib.

Məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional Xidməti tərəfindən aparılan araşdırma zamanı kollecin əməkdaşı N.H.-nin əməkhaqqının düzgün hesablanmadığı və işdən ayrılarkən onunla son haqq-hesabın tam aparılmadığı müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, N.H. 2025-ci ilin may və iyun aylarında istehsalat təqvimində nəzərdə tutulan iş vaxtından artıq işləyib. Bayram və istirahət günlərindən əvvəl iş vaxtının bir saat qısaldılması qaydasına əməl edilmədiyindən işçinin əlavə işlədiyi saatlar yaranıb. Lakin həmin müddət üçün əməkhaqqı qanunvericiliyin tələblərinə uyğun hesablanmayıb.

Bundan başqa, işçi işdən azad edilərkən ona ödənilməli olan son haqq-hesabın da düzgün aparılmadığı müəyyənləşdirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional Xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib və kollecin direktoru Hicra Əyyubova barəsində 800 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Direktor cərimənin qanunsuz və əsassız olduğunu iddia edərək Abşeron Rayon Məhkəməsinə şikayət verib. O, şikayətində bildirib ki, N.H.-nin artıq işlədiyi saatlara görə ödənişlərin düzgün hesablanması həmin dövrdə kollecin baş mühasibinin vəzifəsi olub. Həmçinin qeyd edib ki, özü 2025-ci ilin may-iyun aylarında baş vermiş pozuntuların aid olduğu dövrdən sonra direktor vəzifəsinə başlayıb və əvvəlki rəhbərliyin fəaliyyəti ilə bağlı məsuliyyət daşımamalıdır.

Direktorun iddiasına görə, N.H. işdən azad edildikdən sonra onunla son haqq-hesab aparılıb. Müfəttişlik tərəfindən pozuntu aşkar edildikdən sonra müvafiq ödənişlərin həyata keçirilməsi isə inzibati xətanın etirafı kimi qiymətləndirilməməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Asim Məmmədov məhkəmədə inzibati qərarın qanuni və əsaslı olduğunu bildirib. O, işçinin əməkhaqqının düzgün hesablanmadığını və əmək qanunvericiliyinin tələblərinin pozulduğunu əsas gətirərək şikayətin təmin edilməməsini istəyib.

Abşeron Rayon Məhkəməsi tərəflərin mövqelərini və iş materiallarını araşdırdıqdan sonra direktorun şikayətini əsassız hesab edib. Məhkəmə vurğulayıb ki, işəgötürənin əməkhaqqını yalnız müvafiq qurum tərəfindən pozuntu aşkar edildikdən sonra ödəməsi əvvəlki qanun pozuntusunu aradan qaldırmır. Sonradan ödənişin həyata keçirilməsi əmək qanunvericiliyinin tələblərinə vaxtında əməl edilmədiyi faktını istisna etmir.

Beləliklə, hakim Abusət Qasımovun sədrliyi ilə qəbul edilən 16 noyabr 2026-cı il tarixli qərarla Hicra Əyyubovanın şikayəti təmin edilməyib, onun barəsində tətbiq edilmiş 800 manatlıq inzibati cərimə qüvvədə saxlanılıb.

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə işçinin əməkhaqqının, məzuniyyət haqqının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin qanunvericiliyə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər