Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz titanus, göyöskürək, qızılca, difteriya qapıda...

Paylaş:
Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz titanus, göyöskürək, qızılca, difteriya qapıda...
Bizi Google News-da izləyin

Son dövrlər uşaqların peyvənd olunması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər və narahatlıqlar müşahidə edilir. Xüsusilə, sosial şəbəkələrdə yayılan, guya peyvəndlərin autizmə səbəb olması və vaksinlərin lazımi temperatur şəraitində saxlanılmaması ilə bağlı iddialar bir sıra valideynlərin övladlarını peyvənd etdirməkdən imtina etməsinə gətirib çıxarır. Nəticədə uşaqların peyvəndlərlə qarşısı alına bilən yoluxucu xəstəliklərə qarşı müdafiəsiz qalırlar. Ələlxüsus da, soyuq aylarda uşaqlar arasında göyöskürək hallarının artması ilə bağlı səsləndirilən fikirlər də bu məsələnin aktuallığını daha da artırır.

Bununla bağlı Pravda.az-ın suallarını cavablandıran tanınmış həkim-pediatr Məhsəti Nəcəfova bildirib ki, gündəlik yaşam çərçivəsində müxtəlif infeksiyalarla qarşılaşmağımız təbii olaraq istisna deyil.

Həkim təəssüflə deyib ki, körpələr ətrafdakı infeksiyalardan xəbərsizdirlər, lakin valideynlər bəzən onları ətrafdan aldıqları əsası olmayan məlumatlar səbəbindən risk qarşısında qoyurlar və uşaqlarını peyvənd etdirməkdən yayınırlar: “Göyöskürəkli uşağı hər dəfə boğulma tutduğunu görəndə bir həkim kimi ürəyim ağrıyır. Bu uşağın belə hala düşməsinin əsl səbəbi valideynin vaxtında düzgün qərar verə bilməməsidir. Heç bir peyvənd vurdurmayıb, amma autizm olan uşaqlar da çoxdur. Autizm neyroinkişaf pozuntusudur. Onun yaranmasında genetik və digər bioloji amillər olduğu düşünülür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2025 ci ilin dekabrında açıqladığı yeni sistematik elmi qiymətləndirmədə də peyvəndlərlə autizm arasında heç bir səbəb-nəticə əlaqəsinin olmadığı sübutlanıb. Peyvəndlərin düzgün saxlanılması barədə də valideynlərin narahatlıqları olur. Peyvəndin saxlanması şəraiti müsbət 2-dən müsbət 8 dərəcə temperatura qədər olmalıdır. Temperatur rejiminin pozulması peyvəndin təsir mexanizmini azalda bilər. Buna görə bütün peyvənd vurulan istər dövlət, istər özəl mərkəzlər buna ciddi riayət edirlər. Peyvəndin daşınması və saxlanılması, həmçinin tətbiqi ciddi monitorinq edilir. Xüsusilə, son vaxtlar peyvənddən yayınmalar artıb, buna səbəb, dediyimiz kimi, valideynlərin aldıqları müxtəlif yanlış məlumatlardır. Bu cür məlumatlar sosial şəbəkələrdə yayılır və sübutlara əsaslanmayan məlumatlardır. Eyni zamanda hansısa yaxın şəxsdən, qohum-əqrəbadan eşitdikləri məlumatlara əsasən valideynlər özləri də bilmədən uşaqlarını risk qarşısında qoyurlar. Hazırda hansı epidemiyanın yayıla biləcəyi haqqında heç birimiz təminat verə bilmirik. Bir zamanlar müxtəlif xəstəliklər - difteriya, qızılca, yaxud digər infeksion xəstəliklər çox var idisə, son illər bu xəstəliklərin azalması elə məhz vurulan peyvəndlərin sayəsindədir. Peyvəndləmə nəticəsində bir sıra xəstəliklərin, demək olar, kökü kəsilmişdi, amma sporadik olaraq yenə də bir sıra xəstəliklərin yayılmasını müşahidə edirik. Məsələn, ötən illərdə qızılca epidemiyası yayılanda bu dərəcədə ağırlaşma verə biləcəyini heç düşünmürdüm. Qızılca, məxmərək, parotit peyvəndi olunmayan uşaqlar xəstəliyi çox ağır keçirdilər. Hətta meningit, meningoensefalit, keratit kimi o qədər çox ağırlaşmalar oldu ki, bir pediatr kimi həqiqətən dəhşətə gəlirdim. Bir sözlə, qızılcanın bu qədər ağırlaşmalar verə biləcəyini gözləmirdik. Həmin dövrdə peyvənd olunan uşaqlar xəstələnmədilər. Əslində, bu, sevincdirici hal idi, amma digər uşaqların xəstələnmələri çox ürəyimizi ağrıdırdı. Valideynlər o zaman kütləvi şəkildə gəlib qızılca peyvəndi etdirirdilər. Belə çıxır ki, xəstəlik yayılanda artıq təlaşa düşürlər, digər inandıqları informasiyaları unudurlar”.

M.Nəcəfova valideynlərə çağırış edib ki, peyvəndləmə sayəsində xəstəlik azalır: “Bir müddət sonra infeksiyalar təkrarən üzə çıxanda eyni xəstəliklərin başlanması, fəsadları ilə yenidən qarşılaşa bilərik. Buna görə hər bir peyvəndi vaxtında vurdurmaq lazımdır. Xüsusən, kiçik yaş dövründə yaşa uyğun peyvəndlər vurulmadıqda uşaqlar infeksion xəstəlikləri daha ağır keçirirlər. Məsələn, göyöskürək xəstəliyi keçirən bir yaşlı uşaqlarda çox ağır fəsadlar, hətta ölüm riski ilə rastlaşdıqları müşahidə olunur. Valideynləri peyvənd barədə yayılan yanlış məlumatlardansa, uşaqların daim qayğısına qalan, onların hər bir anında yanında olan həkimlərin verdiyi doğru-dürüst məsləhətlərə qulaq asmağa çağırıram. Əks təqdirdə, körpələrimiz, doğrudan da, çox böyük risk qarşısında qalırlar. Bu gün ölkədə difteriya yoxdursa, o demək deyil ki, nə zamansa olmaya bilər. Çünki difteriya müalicəsi olmayan bir xəstəlikdir. Buna görə də mütləq lazımi peyvəndləri etdirməyi məsləhət görürəm. Yaxud tetanus əleyhinə peyvənd. Tetanus adi bir torpaqdan, paslı mismar batmasından, paslı dəmirin kəsməsi nəticəsində çox ağır fəsadlar verən xəstəlikdir. Bu xəstəliyin dünyanın heç bir yerində müalicəsi yoxdur. Bir sıra Avropa dövlətlərində peyvənd olmayan gəncləri ali məktəblərə qəbul olsalar belə onları ali məktəbə buraxmırlar, uşaq vaxtı peyvənd olunub-olunmadıqları haqqında məlumat tələb edirlər. Yaxud gənclər yenidən peyvəndlərini həmin ölkədə etdirməyə məcbur olurlar. Nədənsə bizim ölkəmizdə hələ də peyvənd haqqında şübhəli məlumatlar varr. Həkim kimi bu haqda saatlarla məlumat versək də, çox zaman faydası olur, lakin yenə də bəzən valideynlərin "peyvənd etdirməyəcəyəm" kimi tərslikləri ilə də qarşılaşırıq. Hər bir uşağın gələcək sağlamlığı elə körpəlikdə başlanan sağlamlıqdan öz təməlini götürür. Gəlin, körpələrimizin sağlamlığını düşünmək üçün onların peyvənd edilmələrində həkimlərə etibar etməkdən qorxmayaq!”

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər