“Azərbaycanda pensiyaçıların sayının azalması ilk baxışdan pensiya sistemində müəyyən dəyişikliklərin, o cümlədən pensiya yaşının aşağı salınması məsələsinin gündəmə gətirilməsinə əsas yarada bilər. Lakin bu göstəriciyə əsaslanaraq pensiya yaşının azladılması elmi cəhətdən doğru sayılmır. Çünki pensiya siyasəti bir sıra amillər – ölkənin demoqrafik inkişafı, iqtisadi imkanları və sosial müdafiə sisteminin uzunmüddətli dayanıqlılığı nəzərə alınmaqla formalaşdırılmalıdır”.
Bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.
“Pensiyaçıların sayının azalması pensiya sisteminin maliyyə imkanlarının yaxşılaşması demək deyil. Sistemin real vəziyyətini qiymətləndirmək üçün işləyən əhalinin sayı, sosial sığorta haqlarının həcmi, əmək bazarındakı vəziyyət, əhalinin yaş strukturu, eləcə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri kompleks şəkildə təhlil edilməlidir.
Məsələn, pensiyaçıların sayının azalması vəfat edən şəxslərin sayının yeni pensiya təyin olunan şəxslərin sayından çox olması ilə əlaqədar ola bilər. Eyni zamanda, pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər də bu prosesə təsir göstərir. Buna görə də yalnız pensiyaçıların ümumi sayındakı dəyişiklik əsasında pensiya sisteminin vəziyyəti və gələcək perspektivləri barədə qəti qənaətə gəlmək mümkün deyil.
Digər tərəfdən, Azərbaycanın demoqrafik perspektivləri də diqqətdə saxlanılmalıdır. Əhalinin yaşlanması, yaşlı insanların ümumi əhali arasında xüsusi çəkisinin artması və əmək qabiliyyətli əhalinin payının dəyişməsi uzunmüddətli perspektivdə pensiya sisteminin üzərinə əlavə maliyyə yükü yarada bilər. Bu baxımdan, hazırda pensiyaçıların sayında müşahidə olunan azalma pensiya yaşının aşağı salınması üçün kifayət qədər əsas sayıla bilməz”.