Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ona böhtan atmaqda ittiham etdiyi kəndliyə budəfəki məhkəmədə qalib gəlib.
Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi icra başçısının şikayətini təmin edib.
Belə ki, Asif Hüseynov Uzunboyad kənd sakini Vüsal Muradovu bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinə vermişdi. Məsələ isə ondan ibarətdir ki, Vüsal sosial şəbəkələrdəki paylaşımlarda icra başçısına dəyəri 10 min manat olan 10 ton arpanı nisyə satdığını, pulunu ala bilmədiyini iddia edib.
Kəndli şikayətini ictimailəşdirdikdən sonra pulunu ala biləcəyinə ümid edib, lakin qarşı tərəfin etirazı ilə üzləşib. İcra başçısı şikayət ərizəsində kəndlinin böhtan atdığını və ona borcu olduğunu yalan dediyini bildirib. Həmçinin Vüsalın bu əməlini qardaşı Rafiqin bələdiyyə sədri vəzifəsindən azad edilməsinə qıcıqlanması ilə əlaqələndirib.