Məlum olduğu kimi, Azərbaycanda kənd təsərrüfatında uzun illər qüvvədə olan tam vergi azadolması ləğv edilir və 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu qaydanın hesablanma forması isə fermerlər arasında çaşqınlıq yaradıb. Ekspertlər isə güzəstlərin tam ləğvinin doğru olmadığını və yeni dəyişikliyin qəliz mexanizm olduğunu hesab edirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Razi Nurullayevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisi üzrə uzun illər tətbiq edilən tam azadolma mexanizminin dəyişdirilməsi ilə bağlı xeyli müraciət olub.

Deputat qeyd edib ki, təklif olunan dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən aqrar məhsul istehsalçılarının mənfəətinin 90 faizi beş il müddətinə vergidən azad ediləcək, qalan 10 faizi isə ümumi qaydada vergiyə cəlb olunacaq: “Söhbət fermerin ümumi satışından, yəni dövriyyəsindən 10 faiz vergi tutulmasından deyil, kənd təsərrüfatı fəaliyyətindən əldə olunan mənfəətin 10 faizlik hissəsinin vergitutmaya cəlb edilməsindən gedir. Tutaq ki, fermer il ərzində 100 min manatlıq kənd təsərrüfatı məhsulu satıb və həmin məhsulun istehsalına 70 min manat xərc çəkib. Bu halda onun mənfəəti 30 min manat təşkil edir. Yeni mexanizmə əsasən, həmin məbləğin 90 faizi, yəni 27 min manatı vergidən azad olunur. Qalan 3 min manat isə vergitutma bazasına daxil edilir. Əgər fermer fərdi sahibkar kimi 20 faiz gəlir vergisi ödəyirsə, bu məbləğdən 600 manat vergi hesablanır. Hüquqi şəxs üçün də mənfəət vergisinin 20 faizlik dərəcəsi tətbiq edildiyi halda nəticə eyni olacaq. Deməli, fermer 30 min manat mənfəət əldə etdiyi halda 3 min manat deyil, həmin 3 min manatın müvafiq vergi dərəcəsinə uyğun hissəsini vergi kimi ödəyəcək. Bu fərqi düzgün izah etmək vacibdir ki, fermerlər arasında yeni mexanizmlə bağlı yanlış təsəvvür yaranmasın”.
Parlament üzvü dəyişikliyin əsaslandırılmasına dair bildirib ki, dövlət tərəfindən aqrar sahəyə uzun illərdir müxtəlif vergi güzəştləri, subsidiyalar və digər dəstək mexanizmləri tətbiq olunur: “Təklif olunan yanaşmanın bizə təqdim olunan məqsədi vergitutmanı mərhələli şəkildə tətbiq etmək, aqrar sahədə maliyyə uçotunu və şəffaflığı artırmaq, istehsalçıların gəlir və xərclərinin daha dəqiq bəyan olunmasını təmin etməkdir. Yəni dövlətin yanaşmasında tam vergi azadolmasından müəyyən vergi öhdəliyinin olduğu, lakin güzəştin böyük hissəsinin saxlanıldığı sistemə keçid nəzərdə tutulur. Bununla belə, mən bu məsələyə yalnız vergi daxilolmalarının artırılması və ya vergi uçotunun təkmilləşdirilməsi prizmasından yanaşmağın düzgün olmadığını düşünürəm. Kənd təsərrüfatı digər sahibkarlıq sahələrindən ciddi şəkildə fərqlənir. Fermerin qazancı hava şəraitindən, su təminatından, məhsuldarlıqdan, yanacağın, toxumun, gübrənin qiymətindən və bazardakı satış imkanlarından birbaşa asılıdır. Bəzən fermer bütün il ərzində çəkdiyi zəhmətin və xərcin qarşılığını ala bilmir. Belə bir şəraitdə vergi siyasətində atılan hər bir addımın real təsirləri əvvəlcədən qiymətləndirilməlidir”.
R.Nurullayev onu da əlavə edib ki, digər mühüm məsələ yeni mexanizmin tətbiqi üçün nəzərdə tutulan şərtlərdir: “Təklifə görə, güzəştdən istifadə etmək üçün kənd təsərrüfatı məhsulları istehsalçıları müvafiq elektron informasiya sistemində, o cümlədən EKTİS-də qeydiyyatda olmalı və əldə etdikləri gəlir və mənfəəti vergi bəyannaməsində bəyan etməlidirlər. Bu, şəffaflığın artırılması baxımından anlaşılandır. Lakin burada kiçik fermerlərin imkanları da nəzərə alınmalıdır. Bir neçə hektar torpaqda ailə təsərrüfatı ilə məşğul olan fermerlə böyük aqrar müəssisənin mühasibatlıq və hesabat imkanları eyni deyil. Kiçik istehsalçı üçün mürəkkəb elektron qeydiyyat və sənədləşmə tələbləri əlavə inzibati yükə çevrilməməlidir. Xüsusilə istehsal xərclərinin düzgün tanınması məsələsi vacibdir. Fermerin toxum, gübrə, yanacaq, texnika, suvarma, əməkhaqqı və digər istehsal xərcləri real şəkildə nəzərə alınmalıdır. Əks halda, kağız üzərində hesablanan gəlirlə fermerin faktiki qazancı arasında ciddi fərq yarana bilər. Ona görə də yeni sistemin tətbiqi zamanı sadə, anlaşılan və fermer üçün əlçatan uçot mexanizminin yaradılması vacibdir. Digər tərəfdən, bu dəyişiklik bütün aqrar vergi güzəştlərinin ləğvi demək deyil. Təkliflərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən verilən subsidiyaların vergidən azad edilməsi, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə davam etdirilməsi və digər güzəştlərin saxlanılması da nəzərdə tutulur. Bu məqamlar da ictimai müzakirələrdə düzgün izah edilməlidir. Mənim fikrimcə, əsas məsələ aqrar sahədə vergi intizamını gücləndirməklə yanaşı, fermerlərin istehsal imkanlarını qorumaqdır. Əgər məqsəd kənd təsərrüfatında şəffaflığı artırmaqdırsa, bunu fermerin üzərinə əlavə bürokratik yük qoymadan həyata keçirmək lazımdır. Kiçik ailə təsərrüfatları üçün sadələşdirilmiş hesabat mexanizmi yaradılmalı, bütün istehsal xərclərinin tanınması təmin edilməli, elektron qeydiyyat və bəyannamə prosesi fermerlər üçün asanlaşdırılmalıdır. Unutmamalıyıq ki, kənd təsərrüfatı yalnız vergi ödəyən iqtisadi fəaliyyət sahəsi deyil. Bu sahə ərzaq təhlükəsizliyinin, kənd yerlərində məşğulluğun və ölkənin daxili istehsal potensialının əsas dayaqlarından biridir. Fermerin istehsala marağını azaltmaq deyil, onun daha çox məhsul istehsal etməsinə, bazara çıxmasına və gəlir əldə etməsinə şərait yaratmaq dövlətin aqrar siyasətinin əsas məqsədi olmalıdır”.
Şəhanə Qədirli