Diplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün necə mühüm rol oynadığının parlaq nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri bu siyasi kursun varisliyini rəmzi şəkildə vurğulayır və ikitərəfli əlaqələrin salnaməsində yeni səhifə açır.
Ortaq tariximizin səhifələri
Bakı ilə Hanoy arasında müasir dialoq dərin tarixi köklərə söykənir. Hələ 1980-ci illərin əvvəllərində dövlətlərarası əlaqələrin intensiv inkişaf etdiyi dövrdə ən yüksək səviyyədə keçirilən görüşlər qarşılıqlı hörmət və dəstək ənənələrinin əsasını qoydu. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında göstərdikləri fədakarlıq, həmçinin minlərlə vyetnamlı tələbənin Bakının ali məktəblərində biliklərə yiyələnməsi iki xalq arasında sarsılmaz mənəvi körpülər yaratdı. Bu tarixi təcrübə və səmimi insani münasibətlər sonrakı onilliklərdə də dövlətlərarası etimadın ən etibarlı dayaq nöqtəsi olaraq qaldı. Məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün yeni geosiyasi reallıqlar şəraitində daha da dərinləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
1981-ci ilin martında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Le Zuanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri iki xalqın dostluq salnaməsində unudulmaz səhifəyə çevrildi. Dövlət bayraqları və üzərində salamlama şüarları yazılmış qırmızı plakatlarla bəzədilmiş paytaxtın hava limanında ali qonağı təyyarənin trapı önündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev şəxsən qarşılamışdı. Həmin günlərdə Bakıda hökm sürən bayram əhvali-ruhiyyəsi sadəcə protokol qaydalarının deyil, uzaq məsafələrə baxmayaraq bir-birinə mənəvi tellərlə bağlı olan iki xalqın səmimi qardaşlığının təzahürü idi. Bakının ali məktəblərində təhsil alan vyetnamlı tələbələr nümayəndə heyətini sürəkli alqışlarla qarşılayır, milli geyimli azərbaycanlı qızlar isə qonaqlara gül dəstələri və qonaqpərvərliyimizin rəmzi olan ənənəvi şərbət təqdim edirdilər.
Azərbaycan Tarixi Muzeyində ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olan Le Zuan xalqımızın qədim dövlətçilik və mədəniyyət ənənələrinə heyranlığını gizlətməyərək belə demişdi: “Bu gözəl diyarın sivilizasiya tarixi və zəngin mədəniyyəti ilə tanışlıqdan məmnun oldum”.
Səfər proqramı çərçivəsində qonaqlar Heydər Əliyevlə birlikdə Xalqlar Dostluğu Sarayına və 18-ci ordunun Döyüş Şöhrəti Muzeyinə də baş çəkdilər. Bu ziyarət ortaq tarixi yaddaşa və qəhrəmanlıq keçmişinə ehtiramın bariz nümunəsi idi. Müharibə veteranları nümayəndə heyətini böyük səmimiyyətlə qarşılayaraq vurğuladılar ki, ağrılı-acılı müharibə xatirələri azadlıq və müstəqilliyin əsl dəyərini bilən xalqları bir-birinə daha da yaxınlaşdırır.
Rəsmi görüşlərlə yanaşı, səmimi insani təmaslar da bu tarixi səfərin ruhunu əks etdirirdi. Le Zuanın Bakıda təhsil alan vyetnamlı tələbələrlə, həmçinin Sovet-Vyetnam Dostluq Cəmiyyətinin respublika şöbəsində yaradıcı ziyalılarla görüşləri səfərə xüsusi hərarət qatdı. Poeziya və sənət adamlarının toplaşdığı həmin unudulmaz gecədə qonaqları salamlayan Azərbaycanın Xalq şairi, Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin sədri Nəbi Xəzri çıxışı ilə yüksək emosional ab-hava yaratdı. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Vyetnam-Sovet Dostluq Cəmiyyətinin Mərkəzi İdarə Heyətinin sədri Suan Txyuy isə Bakının gözəlliyindən və insanların səmimiyyətindən ilhamlanaraq elə səfər günlərində qələmə aldığı “Sevimli Bakı” şeirini oxudu. Bu səmimi misralar iki xalq arasında mədəni və mənəvi körpünün nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.
1983-cü ilin payızında isə qarşılıqlı səfərlər ənənəsi çərçivəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Vyetnama rəsmi səfər etdi. Şimaldan cənuba — paytaxt Hanoydan Hoşimin şəhərinədək ölkənin əsas sənaye və mədəniyyət mərkəzlərini əhatə edən bu genişmiqyaslı səfər proqramı ikitərəfli münasibətlərin nə qədər çoxşaxəli və dinamik inkişaf etdiyini əyani şəkildə təsdiqləyirdi.
Dostluq və əməkdaşlıq haqqında Müqavilənin beşinci ildönümünə həsr olunmuş Hanoy və Hoşimin şəhərlərində keçirilən çoxminlik dostluq mitinqlərində xalqlar arasındakı qardaşlıq bağlarının sarsılmazlığı xüsusi vurğulanırdı. Bu möhtəşəm toplantılar sadəcə rəsmi tədbirlər deyil, həm də çətin sınaqlardan keçmiş həmrəyliyin real təntənəsi idi. Heydər Əliyev həmin çıxışında qeyd etmişdir ki, bu dostluğun binası ümumi köklü məqsəd və maraqlara əsaslanan möhkəm, zamanın sınağından çıxmış təməl üzərində ucaldılıb və siyasi, təsərrüfat, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa güclü təkan verib. Öz növbəsində, Vyetnam rəhbərliyinin nümayəndəsi To Hıu bütün Vyetnam xalqının səmimi salamlarını və göstərilən qardaşlıq dəstəyinə görə dərin minnətdarlıq hisslərini çatdırmışdır.