Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Hotel işçilərinə bıçaqla hücum edən şəxsə cəza verildi 

Paylaş:
Hotel işçilərinə bıçaqla hücum edən şəxsə cəza verildi
Bizi Google News-da izləyin

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Xalıq Cəlilzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Göyşaban kəndindən keçən hissəsində yerləşən “Mandarin” hotelində qeydə alının.

Belə ki, Xalıq Cəlilzadə 2026-cı ilin yanvar ayından faktiki icarəyə götürərək işlətdiyi oteldə xadimə işləyən zərərçəkmiş Zəminə Əsədova və həmin obyektdə qeydiyyatçı işləyən onun qızı, zərərçəkmiş Məleykə Əsədovanın (hər ikisinin adı, soyadı şərtidir) üzərlərində gəzdirdikləri qızıl-zinət əşyalarından xəbərdar olub.

Hər iki zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanıdığından, basqın zamanı tanınmamaq üçün əvvəlcədən hazırlıq görüb.

İstintaqın versiyasına görə, Xalıq Cəlilzadə yaşadığı evdə idman şalvarından maska hazırlayıb. O, papaqlı idman gödəkçəsi, şalvar, ayaqqabı və günəş eynəyini də özü ilə götürərək Lənkəran şəhər Mərkəzi bazar ərazisinə gedib. Burada bir ədəd taxta dəstəkli yeni mətbəx bıçağı və bir ədəd yapışqan lent alıb. Bundan bir gün əvvəl aldığı rezin əlcəklərlə birlikdə həmin əşyaları saat 13 radələrində işlət­diyi hotelə aparıb.

Maskanı, geyimləri, əlcəyi və bıçağı hotelin nömrəsi göstərilməyən otağının dolabında gizlədib. Lakin həmin vaxt hoteldə çoxsaylı müştərilərin olması səbəbindən planını həyata keçirmək üçün əlverişli şərait olmadığını düşünüb və Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən evinə qayıdıb.

İttihamda göstərilib ki, Xalıq Cəlilzadə yenidən hotelə gedib. Müştərilərin artıq hoteli tərk etdiyinə əmin olduqdan sonra planını həyata keçirməyə başlayıb.

Belə ki, hotelin dəhlizində xadimə işləyən Zəminə Əsədova və onun qızı ilə qarşılaşıb. Onlara çimmək istədiyini bildirərək həmin şəxslərdən ayrılıb və hotelin birinci mərtəbəsində yerləşən otağa daxil olub. O, əvvəlcədən dolabda gizlətdiyi əşyaları götürüb.

Maskanı üzünə keçirib, günəş eynəyini taxıb, idman geyimlərini və ayaqqabını geyinib, əlcəkləri taxıb, gödəkçənin kapüşonunu başına keçirib və mətbəx bıçağını əlinə alıb. Daha sonra pəncərədən həyətə tullanaraq hotelin arxa girişinə doğru asta addımlarla hərəkət etməyə başlayıb.

Zərərçəkmiş şəxslər maskalı və bıçaqlı şəxsi görərək ondan şübhələniblər. Həmin şəxslər hotelin qapılarını açarla bağlayaraq qaçıblar. Xalıq Cəlilzadə qapını fiziki güc tətbiq etməklə sındıraraq hotelə daxil olub və ana-balanı dəhlizin sonuna doğru qaçdıqlarını görüb.

Bundan sonra onların arxasınca qaçaraq çatıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. Xaliq əvvəlcə Zəminə Əsədovanı əlləri ilə itələyərək yerə yıxıb, zərərçəkmişin başı üzərində bıçağı tutaraq onları öldürəcəyi ilə hədələyib.

İttihamda göstərilib ki, Xalıq Cəlilzadə hər iki zərərçəkmiş şəxsdən üzərlərində olan qızıl-zinət əşyalarını tələb edib. 

Məlumata görə, Zəminə Əsədovanın üzərində ümumi dəyəri 4 815 manat olan qızıl-zinət əşyaları olub. Onun qızının üzərində isə ümumi dəyəri 4 340 manat olan qızıl-zinət əşyalarının olduğu bildirilib. 

Beləliklə, zərərçəkmiş şəxslərin üzərindəki qızıl-zinət əşyalarının ümumi dəyəri 9 155 manat təşkil edib.

İttihamın digər hissəsinə görə, Məleykə ağlayaraq bıçağın tiyəsindən əlləri ilə tutub və anasını buraxması üçün təqsirləndirilən şəxsə yalvarıb. Lakin Xalıq Cəlilzadənin hərəkətlərini davam etdirdiyi və bıçaqla zərərçəkmiş şəxsin sol əli və sağ əlinin IV barmağı nahiyələrinə xəsarət yetirdiyi bildirilir.

Xaliq zərərçəkmiş şəxsin boynundan asılan 2 400 manat dəyərində qızıl boyunbağını arxadan dartaraq qırıb və özü ilə götürüb. 

Bundan başqa, onun tələbi ilə zərərçəkmiş şəxslərdən biri sağ qolundakı 2 700 manat dəyərində qızıl bilərziyi çıxararaq ona verib.

Beləliklə, təqsirləndirilən şəxsin faktiki olaraq götürdüyü qızıl-zinət əşyalarının ümumi dəyəri 5 100 manat olub.

İttihamda göstərilib ki, Xalıq Cəlilzadə artıq ifşa olunacağından qorxduğu üçün zərərçəkmiş şəxslərin təhvil verməyə razı olduqları digər qızıl-zinət əşyalarını götürməyib. Bundan sonra gəldiyi istiqamətdə hotelin dəhlizini tərk edib.

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər