Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Hicran Hüseynova: “Əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”

Paylaş:
Hicran Hüseynova: “Əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”
Bizi Google News-da izləyin

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının  Vyetnam Xəbər Agentliyinə  (VNA)  verdiyi müsahibə zamanı qarşıdakı dövlət səfərinin əhəmiyyətini qiymətləndirərkən, bildirdi ki, "Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq”. Bunu əsaslandıran ən mühüm şərtlər isə tarixi dostluq əlaqələri, iqtisadi, neft-enerji sektorundakı əməkdaşlıq, elm, təhsil və humanitar layihələr və gələcək inkişaf perspektivləri üçün  yaranmış yeni imkanlardır. 70 ilə yaxındır ki, coğrafi cəhətdən uzaq məsafədə yerləşmələrinə baxmayaraq, Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə  verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən  Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə  səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Ölkə başçı İlham Əliyevin də qeyd etdiyi kimi, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova deyib.

Deputat bildirib ki, son illər iki ölkə arasında  intensiv əməkdaşlıq  mövcuddur: “Ticarət dövriyyəsi artır, neft-qaz sənayesində, eləcə də tikinti və infrastrukturun inkişafı, həmçinin günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsi istiqamətində  əlaqələr inkişaf edir. İki ölkə arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən enerji, ticarət, sənaye və investisiya istiqamətlərində hökumətlərarası komissiya və ikitərəfli sənədlər çərçivəsində inkişaf edir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektoru olaraq qalır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır. Təkcə 2024-cü ildə Azərbaycan 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib, Vyetnam neft alışına görə neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, Dövlət Neft Şirkəti SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri PetroVietnam və Vietsovpetro neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. Müsahibə zamanı  neft sahəsində əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, “Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur”. Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olmuşdur.  2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının  həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olmuşdur. İki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün  real imkanlar və istiqamətlə kifayət qədərdir. Prezident İlham Əliyevin dediyi kimi: “ Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək. Azərbaycan və Vyetnam  ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) bir-birinə dəstək verirlər. Ölkələrimiz  arasında münasibətlərin inkişafında İqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır.  Həmçinin 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanması münasibətlərin inkişafına təkan verir. İkitərəfli əməkdaşlıqda iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə daha mühüm rol oynayır. Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan və Vyetnam da təhsil sahəsində əməkdaşlığa maraq göstərir ki, bu da tələbə və elmi kadr mübadiləsinə şərait yaradır. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşü oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi fikirlərini  ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdir. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus yeri var. Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprel ayında Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Vyetnamda səfəri zamanı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilmişdi. Həmçinin, səfər çərçivəsində Leyla Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb, xalqlar arasında əlaqələr, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlıq  məsələləri müzakirə edilmişdi.  Burada qeyd etmək lazımdır ki, Azərbaycan və Vyetnam qadınları qadın hüquqlarının müdafiəsi istiqamətində də əməkdaşlıq edir və bir-birilərini dəstəkləyirlər. Vyetnam Sosialist Respublikası Milli Assambleyanın Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılması təşəbbüsü iki dost ölkə arasında parlamentlərarası əməkdaşlığın institusional əsaslar üzərində daha da möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır.  Bu sahədə qarşılıqlı əməkdaşlıq Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında siyasi dialoqun genişlənməsinə, qarşılıqlı etimadın güclənməsinə və əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə əhəmiyyətli töhfə verəcəkdir. Azərbaycan ilə Vyetnam arasında əlaqələr əsas sahələri - enerji, ticarət, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrini əhatə etməklə ardıcıl şəkildə inkişaf edir.  Dəyişən qlobal iqtisadi arxitektura və bir çox ölkələrin xarici iqtisadi əlaqələri şaxələndirmək səyləri kontekstində Vyetnam - Azərbaycan əməkdaşlığı təbii görünür.Təməli hələ ötən əsrdə qoyulmuş  Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasındakı körpü bu gün yeni məzmun kəsb edir. İndi bu, təkcə tarixi dostluq körpüsü deyil, həm də Asiyanın istehsal güclərini, Xəzər regionunun enerji potensialını və Avropa bazarlarını birləşdirməyə qadir uzunmüddətli iqtisadi tərəfdaşlıq perspektividir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər