Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Azərbaycan–Vyetnam münasibətlər inkişafı Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında əlaqələri genişləndirəcək - RƏY

Paylaş:
Azərbaycan–Vyetnam münasibətlər inkişafı Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında əlaqələri genişləndirəcək - RƏY
Bizi Google News-da izləyin

“Azərbaycan və Vyetnam arasında münasibətlər, təxminən, yetmiş illik tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama nəzərdə tutulan rəsmi səfəri bu münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər. Səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi, enerji, nəqliyyat-logistika, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Vyetnam dostluğunun tarixi kökləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinə gedib çıxır. Bu münasibətlərin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də mühüm rolu olub. Onun 1983-cü ildə Vyetnama səfəri zamanı aparılan danışıqlar və əldə edilən razılaşmalar iki xalq arasında iqtisadi, elmi-texniki və humanitar əlaqələrin genişlənməsinə töhfə verib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.

Deputat: Azərbaycan və Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq qarşılıqlı etimad ənənələrinə əsaslanır

Deputat bildirib ki, müstəqillik dövründə Vyetnamla tarixi əlaqələr yeni siyasi və iqtisadi məzmun qazanıb: “Xüsusilə, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər siyasi dialoqun fəallaşdırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının araşdırılması üçün yeni perspektivlər açdı. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri isə 2014-cü ildə əldə edilmiş siyasi anlaşmaların davamı olaraq iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edib. Bu qarşılıqlı səfərlər Azərbaycan–Vyetnam münasibətlərinin inkişafına davamlı siyasi impuls vermiş, dostluq əlaqələrinin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi üçün əlverişli zəmin yaradıb. İkitərəfli münasibətlərdə növbəti mühüm mərhələ 7–8 may 2025-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Həmin səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Bu sənəd münasibətlərin siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan və Vyetnam arasında əməkdaşlıq ənənəvi enerji sektorundan kənara çıxaraq nəqliyyat-logistika, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər istiqamətləri də əhatə edir. Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və enerji bağlantıları yaratması, Vyetnamın isə Cənub-Şərqi Asiyanın inkişaf edən iqtisadiyyatlarından biri olması qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar formalaşdırır. Xüsusilə, Orta Dəhlizin potensialından istifadə, enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, investisiya əlaqələrinin genişləndirilməsi və parlamentlərarası dialoqun gücləndirilməsi strateji tərəfdaşlığın praktiki nəticələrinin artırılmasına xidmət edə bilər”.

P.Vəliyeva bildirib ki, Azərbaycan və Vyetnam münasibətlərinin diqqətəlayiq xüsusiyyətlərindən biri də bu əlaqələrin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmamasıdır: “Sovet dövründə minlərlə vyetnamlı gəncin Azərbaycanda ali təhsil alması, iki ölkə arasında mədəni əlaqələrin formalaşması və humanitar təşəbbüslərin davam etdirilməsi xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəm əsasını yaradıb. Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan səfəri 2014 və 2015-ci illərdəki qarşılıqlı dövlət səfərlərinin, eləcə də 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin məntiqi davamı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan qarşıdakı səfərin əsas əhəmiyyəti tarixi dostluq əlaqələrinin müasir geosiyasi və geoiqtisadi reallıqlar şəraitində konkret iqtisadi layihələr, yeni investisiya imkanları və geniş institusional əməkdaşlıq vasitəsilə daha da inkişaf etdirilməsi perspektivləri ilə bağlıdır. Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsi baxımından yeni imkanlar yarada bilər”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər