Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Azərbaycan Vyetnam üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır - RƏY

Paylaş:
Azərbaycan Vyetnam üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır - RƏY
Bizi Google News-da izləyin

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Bakı ilə Hanoy arasında münasibətlərin inkişafı baxımından mühüm hadisədir. Bu səfərin əhəmiyyəti yalnız iki ölkə arasında diplomatik əlaqələrin intensivləşdirilməsi ilə məhdudlaşmır. Söhbət Azərbaycanın Cənub-Şərqi Asiyada mövqelərinin möhkəmləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və Asiya istiqamətində xarici siyasət imkanlarının genişləndirilməsindən gedir. Vyetnam isə Azərbaycanla əməkdaşlığı enerji, nəqliyyat, logistika və digər perspektivli sahələrdə inkişaf etdirməklə özünün iqtisadi və regional əlaqələrini şaxələndirmək imkanı əldə edir. Azərbaycan-Vyetnam münasibətlərinin möhkəm tarixi təməli var. İki xalq arasında dostluq əlaqələrinin əsası hələ 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfəri zamanı daha da möhkəmlənib. Müstəqillik dövründə bu münasibətlərin inkişafında Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfəri mühüm rol oynayıb. Həmin qarşılıqlı səfərlər siyasi dialoqun dərinləşməsinə, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradıb".

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Rəşad Bayramov: “Trampın İrana qarşı nüvə silahından istifadə ehtimalı... |  Pravda.az

O bildirib ki, Vyetnamla münasibətlərin inkişafında yeni mərhələ 7–8 may 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın Azərbaycana dövlət səfəri ilə başlayıb:

"Həmin səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, enerji, müdafiə, rəqəmsal texnologiyalar, mədəniyyət, hüquq, arxiv işi və biznes sahələrində bir sıra sənədlər imzalanıb. SOCAR ilə Vyetnamın müvafiq enerji qurumları arasında əməkdaşlıq sənədləri də iqtisadi münasibətlərin konkret layihələr müstəvisinə keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Deməli, hazırkı səfər artıq strateji tərəfdaşlıq statusu qazanmış münasibətlərin praktiki məzmunla zənginləşdirilməsi baxımından diqqət çəkir. İqtisadi əməkdaşlıq bu tərəfdaşlığın ən perspektivli istiqamətlərindən biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin real imkanlarını tam əks etdirmir. Azərbaycan Vyetnam üçün enerji resurslarının və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli tərəfdaş ola bilər. Vyetnam isə Azərbaycanın Cənub-Şərqi Asiya bazarlarına çıxışında mühüm iqtisadi platforma rolunu oynaya bilər. Xüsusilə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi ilə Vyetnamın inkişaf etmiş dəniz limanları və beynəlxalq ticarət şəbəkəsinin uzlaşdırılması qarşılıqlı faydalı nəticələr vəd edir.
Əməkdaşlığın enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, təhsil və turizm sahələrində genişləndirilməsi üçün də ciddi imkanlar mövcuddur. Xüsusilə, SOCAR və Petrovietnam arasında əlaqələrin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və birgə müəssisələrin yaradılması iqtisadi münasibətləri yeni səviyyəyə qaldıra bilər. Bundan başqa, Azərbaycanla Vyetnamın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlığı siyasi dialoqun möhkəmlənməsinə xidmət edir. Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək də ikitərəfli münasibətlərin mühüm siyasi dayaqlarındandır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycan xarici siyasətinin Asiya istiqamətində mühüm addımdır. Məqsədimiz mövcud dostluq münasibətlərini qorumaqla yanaşı, bu münasibətləri konkret iqtisadi layihələr, investisiyalar və uzunmüddətli strateji əməkdaşlıqla möhkəmləndirməkdir. Vyetnamla tərəfdaşlığın inkişafı Azərbaycanın Cənub-Şərqi Asiyada iqtisadi və diplomatik imkanlarını genişləndirə, eyni zamanda ölkəmizin beynəlxalq nəqliyyat və enerji qovşağı kimi əhəmiyyətini artıra bilər. Bu baxımdan, səfər Azərbaycan-Vyetnam münasibətlərinin tarixində yeni səhifə açmaqla yanaşı, hər iki ölkənin uzunmüddətli milli və iqtisadi maraqlarına xidmət edən strateji əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır deyə bilərik".

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər