Qəhvənin sağlamlığa təsiri yalnız onun miqdarından deyil, hazırlanma üsulundan və tərkibinə əlavə edilən məhsullardan da asılıdır. Diyetoloqlar səkkiz qəhvə növünü qiymətləndirərək sağlamlıq baxımından daha faydalı hesab edilən içkilərin siyahısını hazırlayıblar.
Bu barədə "Health" portalı məlumat yayıb.
Mütəxəssislər ilk növbədə filtrdən keçirilmiş qəhvəyə üstünlük verməyi tövsiyə edirlər. Araşdırmalara görə, filtrasiya zamanı xolesterinin səviyyəsinə mənfi təsir göstərə bilən diterpen birləşmələrinin böyük hissəsi tutulur. Bu səbəbdən filtrli qəhvə filtrsiz növlərlə müqayisədə daha sağlam seçim hesab olunur.
Reytinqdə ikinci yerdə Amerikano qərarlaşıb. Diyetoloq Culi Stefanşkinin sözlərinə görə, bu içki eyni həcmdə adi filtrli qəhvə ilə müqayisədə daha çox polifenol ehtiva edə bilər. Üstəlik, isti su ilə durulaşdırıldığı üçün daha çox maye qəbuluna imkan yaradır.
Üçüncü yerdə Espresso dayanır. Təxminən 30-45 millilitrlik bir porsiyada adi fincan qəhvə ilə müqayisədə daha az kofein olsa da, içkinin konsentrasiyası yüksəkdir. Kofeinə həssas insanlar espresso qəbulunda diqqətli olmalıdırlar. Həddindən artıq kofein titrəmə, narahatlıq və ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər.