Azərbaycanda hərbi qulluqçuların pensiyaya çıxması ilə bağlı qaydalarda mühüm dəyişikliklər edilib. Yeni tələblər hərbi xidmət müddətini, ümumi iş stajını, pensiya yaşını və pensiyanın hesablanması mexanizmini əhatə edir. Xüsusilə, 2024-cü ildən əvvəl hərbi xidmətə başlayan şəxslərin hansı şərtlərlə pensiyaya çıxa biləcəyi və son dəyişikliklərin kimlərə şamil olunacağı maraq doğurur.
Bəs hərbi qulluqçular neçə il xidmət etdikdən sonra pensiyaya çıxa bilərlər? Yeni qaydalar onların pensiya məbləğinə necə təsir göstərəcək?
Məsələ ilə bağlı KONKRET.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib.
Onun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, hərbi qulluqçuların pensiyaya çıxması üçün minimum 20 il xidmət müddəti tələb olunurdusa, yeni qaydalarla bu müddət 25 ilə qaldırılıb.
“Dəyişikliklər yalnız hərbi xidmət müddəti ilə məhdudlaşmır. Ümumi iş stajı ilə bağlı tələblər də sərtləşdirilib. Əvvəllər pensiya hüququ əldə etmək üçün 25 il ümumi iş stajının olması və bunun ən azı 12 il 6 ayının hərbi xidmətdə keçirilməsi tələb edilirdi. Yeni qaydalara əsasən isə 30 il ümumi iş stajı olmalı, həmin müddətin ən azı 15 ili hərbi xidmət təşkil etməlidir”.
Vəkil vurğulayıb ki, yeni tələblər bütün hərbi qulluqçulara eyni qaydada şamil edilmir.
“Qanunvericilikdə keçid müddəaları nəzərdə tutulub. Belə ki, 2024-cü il yanvarın 1-dək ən azı 17 il hərbi xidmət keçmiş şəxslər üçün əvvəlki 20 illik xidmət müddəti tələbi qüvvədə saxlanılır. Bu o deməkdir ki, həmin hərbi qulluqçular 25 il xidmət etmədən də, 20 illik xidmət müddətini tamamladıqdan sonra müvafiq şərtlərlə pensiya hüququ əldə edə bilərlər. Eyni zamanda, onlar xidmətlərini 25 ilə qədər davam etdirməklə daha yüksək məbləğdə pensiya almaq imkanı qazana bilərlər”.
Turan Abdullazadə bildirib ki, dəyişikliklər hərbi qulluqçuların xidmətdə olmasının son yaş həddinə də təsir edib.
“Gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddi 45-dən 48-ə qaldırılıb. Bundan başqa, xəstəlik, sağlamlıq vəziyyəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən buraxılan şəxslərin pensiya təminatı ilə bağlı da xüsusi tələblər müəyyən edilib. Bu kateqoriyadan olan şəxslər üçün 48 yaş həddi, 30 il ümumi iş stajı və həmin stajın ən azı 15 ilinin hərbi xidmətə aid olması şərtləri nəzərdə tutulur”.