Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) hakimlərin və futbolçuların danışılmış oyunların təşkili cəhdləri və futbol yarışlarının dürüstlüyünə xələl gətirən digər pozuntular barədə anonim məlumat verməsinə imkan yaradan yeni sistemi istifadəyə verib.
Bu barədə FIFA-nın rəsmi saytında məlumat verilib.
ABŞ-nin “RealResponse” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni sistem FIFA bayrağı altında keçirilən bütün turnirlərin futbolçuları və oyun rəsmiləri üçün nəzərdə tutulub. İstifadəçilər elektron poçt, SMS və internet saytında xüsusi forma vasitəsilə ali futbol qurumunun yarışların dürüstlüyünün qorunmasına cavabdeh bölməsinə müraciət edə biləcəklər. Müraciət edən şəxslərin anonimliyinin qorunması təmin olunacaq.
Yeni sistem barədə futbolçulara və hakimlərə yarışlardan əvvəl keçirilən təşkilati iclaslarda məlumat veriləcək. Həmçinin iştirakçılara müvafiq məlumat materialları təqdim olunacaq, xüsusi plakatlarda isə sistemə keçidi təmin edən QR-kodlar yerləşdiriləcək.