“Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatı zamanı diqqəti cəlb edən mesajlar verib. Bu mesajlar erməni ictimaiyyətində çox böyük rezonans doğurub. Birincisi, o, açıq şəkildə etiraf edib ki, bu gün Azərbaycanla sülh müqaviləsinin imzalanması onun siyasətinin əsas istiqamətini təşkil edir. Yeri gəlmişkən, noyabrın 17-də Ermənistan parlamentinin sədri Rubinyan bildirmişdi ki, hətta Ermənistan lap bu gün Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Paşinyan qeyd etdi ki, sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi Ermənistan müxalifətinin fəaliyyəti ilə bağlıdır. Ermənistan müxalifəti sülh müqaviləsinin imzalanması yolunda əsas maneədir. Paşinyan çıxış yolunu da ifadə edərək bildirib ki, bunun üçün ilk növbədə Ermənistan ictimaiyyəti bu məsələyə reaksiya verməlidir, yəni Paşinyanı dəstəkləməli, müxalifətdən imtina etməlidir. Bu yol effekt verməsə, ikinci növbədə siyasi proseslərin məntiqi nəticəsi olaraq parlamentdən müxalifətin uzaqlaşdırılması baş tutmalıdır. Yəni sülh naminə buna getməyə dəyər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Nikol Paşinyanın bəyanatında diqqətdən yayınmayan digər məqamlar da var: “Paşinyan deyib ki, sülh müqaviləsinin imzalanmasına nail olsa, bu onun missiyasının başa çatması anlamına da gələcək. Yəni Paşinyanın fəaliyyətinin ana xəttini Azərbaycanla sülh müqaviləsi imzalamaq təşkil edir. Bu, baş verdikdən sonra hesab edəcək ki, siyasi missiyası da yekunlaşdı. Belə çıxır ki, sülh müqaviləsindən, onun instusional təminatı təmin edildikdən sonra Paşinyan hakimiyyətdən getmək niyyətini bəyan edib. Həmçinin bildirib ki, Ermənistan Konstitusiyası referendumda təsdiqlənməsə, bu halda da hakimiyyətdən gedəcək. Paşinyan belə kəskin bəyanatla çıxış edib və görünür, bu bəyanatı qəbul etməklə istəyir ki, ölkənin daxilində ictimai fikri özünə yönəltsin, müxalifət əleyhinə ictimai fikri gücləndirsin, öz tərəfdarlarının sırasını daha da genişləndirsin”.
E.Nəsirov "Sülh prosesi ilə bağlı təhlükə varmı?" sualına isə belə cavab verib: “Hesab edirəm, sülh gündəliyi heç vaxt olmadığı qədər irəli gedib. Vaşinqtonun da prosesə dəstəyi var. Yeri gəlmişkən, bu ilin noyabrında TRİP layihəsinin reallaşdırılması istiqamətində praktiki addımlar atılmağa başlayıb. Bu da sülh prosesinin tərkib hissəsidir. Görünür ki, Paşinyan belə bəyanatlar səsləndirməklə sülh prosesini irəlilətmək, nəhayət, sülh müqaviləsi imzalamaq istəyir. İkincisi, müqavilənin imzalanmayacağı təqdirdə məsuliyyətin kimin üzərinə atılmasına da işərə verir. Yəni məsuliyyəti məhz müxalifət daşıyacaq. Hər halda bizim üçün bir həqiqət var: Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir, biz sülh prosesinin təşəbbüskarıyıq. Sülh müqaviləsi imzalansa, uduşlu tərəf təkcə Azərbaycan deyil, həm də Ermənistan olacaq. Ermənistan da böyük siyasi və iqtisadi dividentlər qazanacaq. Əks halda, Yəni müqavilə imzalanmasa, yenə də ermənilər uduzmuş tərəf olacaqlar. Çünki Azərbaycan ərazi bütövlüyünü və suverenliyini artıq bərpa edib. Necə deyərlər, top Ermənistan tərəfdədir”.
Aytəkin Qardaşova