Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

BDU-nun rektoru təyin edilən Məleykə Abbaszadənin DOSYESİ

Paylaş:
BDU-nun rektoru təyin edilən Məleykə Abbaszadənin DOSYESİ
Bizi Google News-da izləyin

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə M.Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Pravda.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:

O, 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilmiş, 1995-ci ilin yanvar–iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra etmişdir. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib. M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilmişdir.

M. Abbaszadənin rəhbərliyi altında "Abituriyent" jurnalı yaradılmışdır. 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan "Abituriyent" jurnalının yekun 12-ci buraxılışında dərc edilən məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100 yaxın adda müxtəlif dərs və metodiki vəsaitlərin həmmüəllifidir.

2000-ci ildə M. Abbaszadənin Milli Koordinator olduğu "Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin sistem fəaliyyət göstərir.

M. Abbaszadə 2003-cü ilin noyabrında Bakı şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" mövzusunda Beynəlxalq forumun təşkilatçısı olub. 

M.Abbaszadə 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. 

M. Abbaszadə İAEA (İnternational Association for Educational Assessment – Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun 2005-ci ildə birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilib. 

M.Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.

25 fevral 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə Məleykə Mehdi qızı Abbaszadə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

21 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Paylaş:

Ən son xəbərlər