Şəki Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Rövşən Xəlilzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü mülki iddianın təmin edilməməsinə aid hissədə dəyişdirilib. Zərərçəkmiş şəxsin hüquqi varisi maddi ziyana aid hissədə mülki iddiası qismən təmin edilib. Belə ki, ümumilikdə 2 205,84 manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi qərara alınıb.
İttihama görə, Rövşən Xəlilzadə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə – qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilir.
Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ildə gecə saat 02:16 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən "Oliqarx" çay evində baş verib.
İstintaqın müəyyən etdiyi məlumata görə, Rövşən Xəlilzadə sözügedən çay evində tanışı Natiq Xəlilovla üz-üzə gəlib. Aralarında əvvəllər də müəyyən narazılıqlar olsa da, həmin gecə baş verən hadisələr mübahisəni daha da kəskinləşdirib.
Münaqişənin əsası əvvəlcə çay evinin terrasında qoyulub. Belə ki, Natiq Xəlilov təqsirləndirilən şəxsin oturduğu masaya yaxınlaşaraq eynəyini stolun üstünə atıb. Nəticədə eynək sınaraq yararsız hala düşüb. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.
Şahidlərin müdaxiləsi nəticəsində həmin vaxt dava böyüməyib və zərərçəkmiş şəxs ərazidən uzaqlaşdırılıb.