Şəki Apellyasiya Məhkəməsində Balakən rayonunda gecə saatlarında kafeyə bıçaqla basqın edərək obyekt sahibini ölümlə hədələməkdə təqsirləndirilən Ramazan Dadaşovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ramazan Dadaşov silah qismində istifadə etdiyi turist bıçağı ilə hücum edərək zərərçəkmiş Bəsti Mamayevanın (soyadı şərtidir) həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi altında pul tələb edib və ümumilikdə 32 manat ələ keçirib.
Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ilin iyul ayında, saat 23:30 radələrində Balakən şəhəri, M.Müşfiq küçəsində yerləşən "Elit" kafesində baş verib.
Belə ki, həmin vaxt kafedə olan təqsirləndirilən şəxs üzərində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxararaq obyektin icarədarı olan zərərçəkmiş Bəsti Mamayevaya hücum edib. O, bıçaqdan silah kimi istifadə edərək zərərçəkmişi öldürməklə hədələyib və kassadakı bütün pulları verməsini tələb edib. Bəsti Mamayeva kassada pul olmadığını bildirdikdə Ramazan bununla kifayətlənməyib.
Sonra qadın kafedə müştəri kimi olan şəxsdən 10 manat pul alıb, eləcə də üzərində olan 12 manat olmaqla ümumilikdə 22 manatı Ramazana verib.