Şəki Apellyasiya Məhkəməsində xuliqanlıq və qanunsuz olaraq silah və narkotik saxlamada təqsirləndirilən Sahib İsmayılzadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, Sahib İsmayılzadə ictimai qaydanı kobud şəkildə pozmaqla müşayiət olunan xuliqanlıq hərəkətləri törədib, hadisə zamanı bıçaqdan silah qismində istifadə edib. Bundan başqa, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, gəzdirməsi və daşıması, eləcə də satış məqsədi olmadan narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması ittiham olunub.
İttihamda göstərilib ki, hadisə 2024-cü ildə saat 12:30 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində keçirilən toy məclisində baş verib. Həmin vaxt çoxsaylı şəxslərin iştirak etdiyi toy məclisində Sahib İsmayılzadə həmkəndlisi olan zərərçəkmiş Namiq Əlişovun (adı, soyadı şərtidir) ona salam verməsinə irad bildirməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan ətrafdakı insanların iştirakı ilə ictimai qaydanı kobud şəkildə pozan hərəkətlər edib. Bununla da toy məclisinin gedişinin müəyyən müddətə pozulmasına, iştirakçılar arasında qorxu və narahatlıq yaranmasına səbəb olub və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirib.
Məlumata görə, Sahib İsmayılzadə zərərçəkmiş şəxsin ünvanına ucadan nalayiq ifadələr işlədib və əvvəlcədən özü ilə gətirdiyi, istintaqla müəyyən edilməyən bıçaqla ona xəsarət yetirməyə cəhd göstərib. Bu zaman onları ayırmağa və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan digər zərərçəkmiş şəxs Malik Vəliyevin (adı, soyadı şərtidir) sağ qoluna ehtiyatsızlıqdan həmin bıçaq dəyib. Nəticədə onun sağ mil-bilək oynağının arxa səthində kəsilmiş yara əmələ gəlib. Ekspertiza həmin xəsarəti sağlamlığın qısa müddətə pozulmasına səbəb olan
İttihamın digər epizoduna görə, Sahib İsmayılzadə istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək niyyəti ilə qanunsuz olaraq metadon əldə edib. O, həmin həbi üzərində saxlayıb və gəzdirərək daşıyıb. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində axtarışda olduğundan Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki şəhərinin ərazisində saxlanılıb.