Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dövlət qulluğu sertifikatının beş ildən iki ilə endirilməsinin narazılıq yatmasına aydınlıq gətirib.
Komitə sədri Pravda.az-a açıqlamasında bildirib ki, dövlət qulluğu sertifikatının qüvvədəolma müddətinin beş ildən iki ilə endirilməsini dövlət aparatında məşğulluğun məhdudlaşdırılması və büdcə xərclərinin azaldılması məqsədilə qəbul edilmiş qərar kimi qiymətləndirmək düzgün olmaz.
Z.Oruc deyib ki, yeni Məcəllədə iki mühüm dəyişiklik paralel həyata keçirilir: “Dövlət qulluğuna qəbul zamanı sertifikatın müddəti qısaldılır, lakin artıq dövlət qulluğunda çalışan şəxslərin fəaliyyətini davam etdirmək üçün təkrar sertifikat imtahanlarına cəlb olunmaları tələbi aradan qaldırılır. Yəni mövcud dövlət qulluqçularının hüquqi vəziyyətini yaxşılaşdıran mühüm qərar qəbul edilib. Dövlət qulluqçusunun peşəkarlığı onun hər beş ildən bir imtahan verməsi ilə deyil, dövlətə və vətəndaşa göstərdiyi xidmətin keyfiyyəti ilə ölçülməlidir. Digər tərəfdən, beşillik müddətdə qanunvericilikdə, dövlət idarəetmə sistemində, rəqəmsal texnologiyalarda və dövlət xidmətlərinin təşkilində ciddi dəyişikliklər baş verir. İkiillik sertifikatın tətbiqinin əsaslandırıldığı mühüm amillərdən biri də namizədlərin biliklərinin müasir idarəetmə tələblərinə uyğunluğunun təmin edilməsidir. Lakin hüquqi müddətin üç il azaldılması namizədin dövlət qulluğuna qəbul üçün mövcud imkanlarının da 60 faiz qısalması deməkdir. Buna görə məsələnin ikinci tərəfini – dövlətin vakant vəzifələr elan etmək imkanlarını da nəzərə almalıyıq. Son illər dövlət orqanlarında geniş institusional və struktur islahatları aparılır, paralel idarəetmə strukturları ləğv edilir, bir sıra qurumlar birləşdirilir, rəqəmsallaşma hesabına inzibati xərclər azaldılır. Belə bir şəraitdə dövlət qulluğuna qəbul imkanlarına dair ictimai narahatlıq başadüşüləndir. Lakin dövlət qulluğu sertifikatı vətəndaşın mütləq işlə təmin olunması barədə dövlətin öhdəliyi kimi başa düşülməməlidir, vakant vəzifələr üzrə müsabiqədə iştirak etmək hüququdur”.
O qeyd edib ki, sertifikat sahiblərinin sayının azalması da özlüyündə büdcə xərclərinə qənaət demək deyil: “Büdcə xərcləri faktiki ştat vahidləri və həmin vəzifələri tutan şəxslərin əməyinin ödənilməsi əsasında formalaşır. Hesab edirik ki, yeni mexanizmin tətbiqindən əvvəl Dövlət İmtahan Mərkəzi son beş ildə sertifikat alan şəxslərin neçəsinin dövlət qulluğuna qəbul olunduğunu, onların orta gözləmə müddətini, birinci və ikinci ildə işlə təmin olunanlarla üçüncü, dördüncü və beşinci ildə qəbul edilənlərin nisbətini ictimaiyyətə təqdim etməlidir. Sertifikat sahiblərinin böyük əksəriyyəti ilk iki ildə dövlət qulluğuna qəbul olunursa, yeni müddət əsaslı sayıla bilər. Yox, əgər onların mühüm hissəsi üçüncü və sonrakı illərdə vakant vəzifələrə təyin edilirsə, müddətin qısaldılması həmin vətəndaşların mənafelərinə təsir göstərəcək. Xüsusilə, regionlarda yaşayan, ailə və sosial vəziyyəti ilə əlaqədar yaşayış yerini dəyişmək imkanına malik olmayan vətəndaşların mənafelərini qorumalıyıq. İki il ərzində namizədin ixtisasına uyğun bir vakant vəzifə belə elan edilməyibsə, ondan yenidən bütün imtahan prosesindən keçməyi tələb etmək nə dərəcədə əsaslıdır? Belə hallarda sertifikatın güzəştli şərtlərlə uzadılması, yaxud yalnız ötən müddətdə dəyişmiş qanunvericilik normaları üzrə biliklərin yoxlanılması mexanizmi nəzərdən keçirilə bilər. Konstitusiyamızın 55-ci maddəsində təsbit olunan dövlətin idarə olunmasında iştirak və dövlət orqanlarında qulluq etmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanlar qorunmalıdır. Dövlət idarəetməsinin optimallaşdırılması ilə dövlət qulluğuna qəbulun əlçatanlığı arasında ziddiyyət yaranmamalıdır. Dövlət aparatının peşəkarlığını artırmaq üçün namizədlərin biliklərinə daha yüksək tələblər irəli sürə bilərik, lakin onların dövlətə xidmət etmək imkanlarını məhdudlaşdırmamalıyıq. Məqsəd sertifikat sahiblərinin sayını azaltmaqdan çox Azərbaycanın dövlət idarəetmə sisteminə ən bilikli, bacarıqlı və hazırlıqlı vətəndaşları cəlb etməkdir”.
Aytəkin Qardaşova