“Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması çox rasional kadr siyasəti oldu. Məleykə xanım elmi və təhsili yüksək səviyyədə bilən, dürüstlüyü və yüksək təşkilatçılığı ilə seçilən şəxsiyyətdir. BDU isə Azərbaycanın ən yaşlı universitetidir, həmişə flaqman rolunu oynayıb. Lakin son dövrlər ali təhsil müəssisəsində xeyli dərəcədə geriləmələr olub. Düşünürəm, Məleykə Abbaszadə BDU-nun inkişafı üçün əlindən gələni əsirgəməyəcək. Şübhəsiz ki, mövcud resurslar çərçivəsində bunu etməyə çalışacaq. Bu təyinatı müsbət təyinat kimi qiymətləndirirəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.

E.Əliyev bildirib ki, təhsildə çox ciddi islahatlara ehtiyac var: “Biz zəfər qazanmış bir xalq kimi elm və təhsildə heç vaxt geriləyə bilmərik. Bütün dünyada elm və təhsil milli təhlükəsizlik məsələsi kimi qəbul olunub. Elmin və təhsilin inkişafı üçün yüksək bacarığa, qabiliyyətə malik şəxslərin rəhbər təyin olunmaları elmdə və təhsildə müəyyən pozitiv addımların atılmasına gətirib çıxara bilər. Hesab edirəm, Məleykə Abbaszadənin də təyinatı məhz bu missiyanın yerinə yetirilməsi üçün atılan mühüm addımlardan biridir. Məleykə xanımı uzun illərdir, tanıyıram. Öz obyektivliyi, dürüstlüyü ilə çox gözəl elm adamıdır, elmi dərəcəsi var, İKT sahəsində alimdir. Biz Dövlət İmtahan Mərkəzinə biliklərin qiymətləndirilməsi mərkəzi kimi baxsaq da, çox mürəkkəb sahədir. Məleykə Abbaszadə ləyaqətlə həmin vəzifədə çalışıb. Düşünürəm ki, BDU-ya rəhbərlikdə də mühüm keyfiyyətləri çərçivəsində universitetin inkişafı üçün töhvələr verəcək”.
Aytəkin Qardaşova