"Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır".
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumatında bildirilib.
"Məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu", idarənin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, statistikaya görə ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən 346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.