Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Vyetnamla münasibətlərimizin tarixi qədimdir: 70 illik tarixdən söhbət gedir - RƏY

Paylaş:
Vyetnamla münasibətlərimizin tarixi qədimdir: 70 illik tarixdən söhbət gedir - RƏY
Bizi Google News-da izləyin

"Vyetnam beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarını qorumağa, hər hansı böyük dövlətin siyasi və hərbi təsirindən həddindən artıq asılı vəziyyətə düşməməyə çalışır. Bu yanaşma Vyetnamın məşhur “Bambuk diplomatiyası” konsepsiyası ilə əlaqələndirilir ki, burada söhbət möhkəm, dayanıqlı və çevik siyasətdən gedir. Bu, Vyetnamın milli maraqlarına sadiq qalmaqla beynəlxalq şəraitə uyğunlaşmaq qabiliyyətini ifadə edir. Çin Vyetnamın ən böyük ticarət tərəfdaşlarından və əsas qonşularından biridir. Bununla yanaşı, iki ölkə arasında tarixi ziddiyyətlər, Cənubi Çin dənizində ərazi mübahisələri və regional nüfuz uğrunda rəqabət də mövcuddur. ABŞ isə Vyetnam üçün bir sıra istiqamətlərdə mühüm tərəfdaşdır. Bu istiqamətlərə dəniz təhlükəsizliyi və müdafiə əməkdaşlığı, yüksək texnologiyalar və yarımkeçiricilər, ticarət və investisiyalar, təchizat zəncirlərinin şaxələndirilməsi, Hind-Sakit okean regionunda təhlükəsizlik əməkdaşlığı daxildir. Vyetnam nə Çinlə, nə də ABŞ ilə qarşıdurmada maraqlıdır. Çinlə münasibətləri qarşıdurma müstəvisinə keçirmək istəmir. ABŞ ilə əməkdaşlığı isə Pekinə qarşı xüsusi siyasi və hərbi ittifaq səviyyəsinə gətirmir. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində “strateji hedcinq” adlanır, yəni dövlətin güclü tərəfdaşla əməkdaşlığı davam etdirməklə yanaşı, həmin tərəfdaşdan yarana biləcək siyasi, iqtisadi və təhlükəsizlik risklərinə qarşı alternativ imkanlar yaratmasından söhbət gedir. Qütbləşən beynəlxalq münasibətlər sistemində strateji muxtariyyətin qorunub saxlanılması çox vacibdir. Burada strateji muxtariyyət dediyimiz zaman bunu neytrallıqla bağlamalı deyilik. Çünki Vyetnamın konkret milli maraqları, təhlükəsizlik prioritetləri və geosiyasi mövqeyi var. Lakin bu, heç bir halda həmin maraqları hansısa böyük dövlətin strateji məqsədlərinə tabe etdirməkdən ibarət deyil. İqtisadi qarşılıqlı asılılıq geosiyasi manevr imkanlarını genişləndirən vasitəyə çevrilir ki, Vyetnam buna xüsusi diqqət edir və xarici siyasətdə alternativlər yaratmağa çalışır. Eyni zamanda çoxtərəfli diplomatiyanı milli suverenliyin qorunması mexanizmi kimi görür. Vyetnamın çoxvektorlu xarici siyasəti və Azərbaycanın müstəqil, çoxşaxəli tərəfdaşlıq strategiyası arasında əlaqə mövcuddur. Cənab Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin geosiyasi əhəmiyyətini göstərməklə yanaşı, həm də strateji tərəfdaşlığın perspektivlərini və Azərbaycanın Cənub-Şərqi Asiyaya çıxış imkanlarını əhatə edir".

Bu sözləri Pravda.az-a açıqlamasında  siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm Həsənova deyib.

Politoloq vurğulayıb ki, Azərbaycanın xarici iqtisadi əlaqələrində ənənəvi tərəfdaşlıqlar mövcuddur, lakin ənənəvi tərəfdaşlıq coğrafiyasının genişləndirilməsi vacibdir:

"Bu istiqamətdə Cənub-Şərqi Asiya kimi perspektivli regionlarda da mövqelərimizi möhkəmləndirməyə çalışırıq. Vyetnamla strateji tərəfdaşlıq, şübhəsiz ki, bu baxımdan Azərbaycanın çoxşaxəli xarici siyasətinin və geoiqtisadi bağlantıların genişləndirilməsi strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu həm də Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir. Artıq ənənəvi siyasi və diplomatik münasibətlərdən çıxaraq iqtisadiyyat, energetika, investisiya, nəqliyyat-logistika sahələrini də əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Münasibətlərimizin tarixi qədimdir, 70 illik tarixdən söhbət gedir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri, şübhəsiz ki, münasibətlərin təməlidir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə əlaqələrimizin keyfiyyətcə yeni müstəviyə çıxdığından xəbər verir. İqtisadi əməkdaşlıq baxımından da kifayət qədər diqqətçəkən məqamlar var. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötübsə, bu, bir göstəricidir. Lakin bu, potensialımızı tam əhatə etmir. Xüsusilə, energetika sahəsində SOCAR və PetroVietnam arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi istiqamətində imkanlar genişdir və bu imkanlardan yararlanmaq, onları daha da artırmaq qarşıdakı illərdə əsas hədəflərdən biridir. Şübhəsiz ki, nəqliyyat-logistika bu gün ölkələrin qarşısında duran əsas çağırışlardan biridir. Buna görə də 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə altı dəfə artaraq 8 min tonu ötübsə, deməli, ümumi hədəfə doğru addımlayırıq. Bu isə Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Cənub-Şərqi Asiya ilə Avropa arasında bağlantıların inkişafında oynaya biləcəyi rolu nümayiş etdirir. Vyetnam şirkətlərinin Azərbaycana investisiya marağı artır. Bu, əsasən tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrə göstərilən maraqla əlaqədardır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində də müvafiq sənədlər imzalandı ki, bu da son dərəcə mühüm əhəmiyyət kəsb edir".

Ş.Həsənova deyib ki, humanitar əlaqələr münasibətlərimizin mühüm istiqamətidir:

"Çünki bu həm də dayanıqlı əlaqələr deməkdir. Sovet dövründə, təxminən, 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış tarixi və insani bağların miqyasını göstərir. Heydər Əliyev Fondunun fəaliyyətinə xüsusi diqqət çəkmək istərdim. Heydər Əliyev Fondunun Vyetnamda təhsil və infrastruktur layihələrinə dəstəyi, eləcə də 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı ilə yanaşı Qəbələdə keçirilməsi, şübhəsiz ki, bu əlaqələrin ardıcıllığını və davamlılığını təmin edir. Bütövlükdə, Azərbaycan–Vyetnam münasibətləri sadəcə ikitərəfli diplomatik əlaqələr kontekstində dəyərləndirilməli deyil. Burada geniş geosiyasi və geoiqtisadi perspektivlər dayanır. Bir tərəfdə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnam, digər tərəfdə isə Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzi olan Azərbaycan dayanır. Hər iki coğrafiyanın bir-birinə yaxınlaşması sadəcə iki dövlətə deyil, iki regiona böyük faydalar bəxş edəcək. Bu isə imkanların uzlaşdırılması deməkdir. Həmin imkanlar uzlaşdırıldıqdan sonra yeni bazarlara çıxış, investisiya axınlarının genişlənməsi və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər