Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Hermes" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 52-yə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hermes"i bu ilin iyun ayında dövlət qeydiyyatına alıb. Yeni kredit təşkilatı təsisçisi - "Hermes Finance" ASC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Həmid Mövsüm oğlu Mirzəyevdir.
O, həm də "Hermes Finance"ı direktorudur və həmin şirkətdə 10 % pay sahibidir. Səhmlərin qalan hissəsi Nuranə Mehrəliyeva-Rzayevaya (45 %) və Kamran Quliyevə (45 %) məxsusdur.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb, lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir. "Hermes" BOKT-un yaradılması barədə qərar "Hermes Finance"ın səhmdarlarının iyunun 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.